Accessibility links

Aylar Həqqinin qırx mərasimində həbs edilən daha bir məhbusun şəxsiyyəti müəyyən edilib


Bəhram Sərdari Üsküyi
Bəhram Sərdari Üsküyi

Təbrizdə Aylar Həqqinin qırx mərasiminə İran İslam Respublikası təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində bir neçə nəfər həbs edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin və bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, həmin mərasimdə həbs edilənlərdən biri Bəhram Sərdaridir. O, Qərbi Azərbaycan vilayətinin Urmiyə şəhəri sakinidir. Bundan əvvəl müşahidəçilər bu mərasimdə saxlanılanların sayının arta biləcəyi barədə məlumat vermişdilər.

İndiyədək Təbrizin Vadi-Rəhmət qəbiristanlığında Tibb fakültəsinin tələbəsi 23 yaşlı Aylar Həqqinin qırx mərasimində həbs olunan 4 nəfərin adı açıqlanıb. Bundan əvvəl həbs olunan Mir Əkbər Hüseyni, Səid Mahmudi və İbrahim Mühacirin adları açıqlanmışdı.

Təbriz Azad Universitetinin tibb tələbəsi Aylar Həqqi noyabrın 16-da bu şəhərdə etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən güllələnib. O, əslən Şərqi Azərbaycan vilayətinin Məlikkəndi (Məlekan) şəhərindəndir və Təbriz sakini idi. İran İslam Respublikası onun ölümünə görə məsuliyyət üzərinə götürməyib və hakimiyyətə bağlı media onun çuxura düşməsi nəticəsində öldüyünü iddia edib.

Təbrizdə etirazlar zamanı Aylar Həqqidən başqa Əli İraqi adlı bir gəncin də polis qüvvələri tərəfindən öldürüldüyünə dair xəbərlər yayılıb. Müşahidəçilər, təhlükəsizlik qüvvələrinin Əli İraqinin ailəsinə basqıları nəticəsində, ailəsinin qırx mərasimi keçirməkdən imtina etdiyini bildirirlər.

XS
SM
MD
LG