Accessibility links

Azərbaycan həlledici oyunda Kosovo yığmasına uduzdu


Kosovo yığması UEFA Millətlər Liqasının VI tur matçında Azərbaycan millisinə böyük hesabla qalib gəlib.

Qarşılaşma Kosovo yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyuna qədər hesabında 8 xal olan Azərbaycan millisi qrupda 2-ci pillədə yer alırdı. Növbəti mərhələyə yüksəlməkdən və qrupda lider olmaqdan ötrü Azərbaycan millisi səfərdə mütləq qələbə qazanmalı idi.

Kosovo millisi isə 11 xalla birinci pillədə qərarlaşırdı. Onlara bu oyunda bərabərlik belə kifayət edirdi. Ancaq Kosovo yığması Azərbaycan millisinin qapısından bir-birinin ardınca 4 cavabsız top keçirib.

Qrupda bu iki yığma arasında Bakıda ilk oyun bərabərliklə başa çatmışdı.

Bu qrupda Azərbaycan və Kosovodan başqa Malta və Farer adaları da yer alırdı.

Kosovo yığması 2020-ci il Avropa Çempionatında iştirak hüququ əldə etməkdən ötrü bundan sonrakı mərhələdə təmsil olunduğu D Liqasında başqa qrup birincilərini mübarizədən kənarlaşdırmalıdır.

UEFA Millətlər Liqası birinci dəfədir ki, təşkil edilir. Bu liqa əsasən, UEFA bayrağı altında keçirilən yoldaşlıq oyunlarını əvəz edir. Amma xüsusi əhəmiyyət də kəsb edir: 2020-ci il Avropa Çempionatında iştirak edəcək 24 yığmadan 4-ü UEFA Millətlər Liqasında müəyyənləşir. Hər liqanın qalibi Avropa Çempionatı (AÇ) -2020-yə vəsiqə qazanacaq. Daha 20 vəsiqə isə 2019-cu ilin martında başlayacaq AÇ-2020 seçmə mərhələsində əldə ediləcək.

Azərbaycan yığması D Liqasının III qrupunda yer alırdı.

XS
SM
MD
LG