Yanvarın 13-də hökumət gömrük rüsumsuz mal idxalına qoyulmuş məhdudiyyətləri kəskin şəkildə sərtləşdirib.
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmana əsasən “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli fərmanın 1-ci hissəsi ləğv edilib.
Fərmanın birinci hissəsində qeyd olunurdu: “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir”.
Beləliklə, bundan sonra 10 min dollarlıq məbləğ min dollara qədər məhdudlaşdırılacaq.
Hökumət o zaman prezidentin etdiyi dəyişikliyi inhisarçılığa və korrupsiyaya qarşı mübarizə, kiçik və orta biznesə dəstək kimi qiymətləndirirdi.
Bu impulsiv addımın və əvvəlki vəziyyətə qayıtmanın səbəbini hökumət açıqlamır.