Prezident İlham Əliyev oktyabrın 22-də Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovu qəbul edib.
Prezident Əliyev bildirib ki, ölkəsinin Dağıstanla əlaqələri region üçün, bütövlükdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından çox əhəmiyyətlidir.
“Dövlətlərarası ikitərəfli münasibətlər möhkəmləndikcə, Azərbaycan-Dağıstan ənənəvi əlaqələri daha da güclənir”, o qeyd edib.
Əməkdaşlıq potensialının genişləndirilməsi məsələsinə toxunan dövlət başçısı Rusiya Federasiyasının regionları, xüsusilə Dağıstan Respublikası ilə əlaqələrin iqtisadi, investisiya qoyuluşu, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb.
Azərbaycanla Rusiyanın Dağıstan Respublikası arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayan Ramazan Abdulatipov Azərbaycanın müxtəlif regionları ilə də əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.
Dərbənd şəhərinin iki min illik yubileyinə toxunan Ramazan Abdulatipov bu regionun xalqlarının əsrlər boyu bir yerdə yaşadığını vurğulayaraq birgə tarixin böyük əhəmiyyət daşıdığını deyib. Dağıstan Respublikasının rəhbəri Azərbaycan prezidentinin göstərişi ilə Dərbənd şəhərində yüksək keyfiyyətlə həyata keçirilən abadlıq və quruculuq işlərinin də böyük razılıqla qarşılandığını bildirib.