Accessibility links

İlham Əliyev: Məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri torpaqlardan çıxmalıdır…


Ilham Əliyev
Ilham Əliyev

Aprelin 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı iclasda geniş nitq söyləyib. Əliyev ölkədə sosial-iqtisadi durum, böhranın iqtisadiyyata təsirləri, hökumətin anti-böhran tədbirləri, Dağlıq Qarabağ problemi, cəbhədə son durum, qarşıda duran vəzifələrdən danışıb.

İclasda ilk öncə cəbhədə son günlər həlak olan hərbçilərin xatirəsi yad edilib.

“Bu ayın əvvəlində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təxribatın qarşısı alındı, düşmənə layiqli cavab verildi. Azərbaycan öz torpaqlarını qoruya, öz hərbi mövqelərini daha da möhkəmləndirə bildi. Bu qanlı toqquşma bir daha onu göstərir ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir və çalışır ki, danışıqlar prosesi pozulsun”, prezident qeyd edib.

Əliyev sonra danışıqlar prosesinin tarixinə nəzər salıb, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən danışıb.

“Bilirəm ki, həmsədr dövlətlər bu il danışıqların davam etdirilməsi istiqamətində yeni təkliflər irəli sürmüşlər. Amerika Birləşmiş Ştatlarında olarkən Amerikanın siyasi rəhbərliyi ilə o cümlədən Dağlıq Qarabağ münaqişəsi geniş şəkildə müzakirə edilmişdir. Qeyd etmişlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bütün həmsədr ölkələr – ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin. Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”, o qeyd edib.

Dövlər başçısı son qanlı toqquşmanın sülh prosesinə təsir edəcəyinə ümid edir.

“Biz məsələnin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını istədiyimizi dəfələrlə bəyan etmişik. İstəyimiz odur ki, məsələ həllini tapsın. Bu gün də biz bəyan edirik ki, danışıqlar prosesinə sadiqik. Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Əliyev iqtisadi durumdan danışarkən deyib ki, 2016-cı il dərin iqtisadi islahatlar ili olacaqdır.

“İlin əvvəlindən biz bu istiqamətdə çox fəal işləyirik. Bir çox sərəncamlar, qanunlar imzalanmış və qəbul edilmişdir. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması - bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilmişdir. Maliyyə nizam-intizamı, şəffaflıq - demək istəyirəm ki, bundan sonra da bu istiqamətdə əlavə tədbirlər görüləcək”.

İlham Əliyev hökumətin iclasında
İlham Əliyev hökumətin iclasında

Onun fikrincə, ilk növbədə idarəetmə mexanizmləri təkmilləşdirilməlidir, şəffaflıq tam şəkildə təmin edilməlidir.

“Beləliklə, bizim gəlirlərimiz artacaq və artmalıdır, baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşüb və hələ də çox aşağı səviyyədədir. Bu, təbii ki, bizim gəlirlərimizə çox ciddi təsir göstərir. Ancaq hesab edirəm ki, biz qeyri-neft sektorunun inkişafı sayəsində bu vəziyyətdən uğurla çıxa biləcəyik”.

Dövlət başçısının dediyinə görə, 2016-cı ilin birinci rübündə 37 min yeni iş yeri yaradılıb.

“Onlardan 31 mini daimi iş yeridir, 13 min iş yeri bağlanmışdır”.

Prezident dünyada yaşanan böhranın Azərbaycana təsirlərini təhlil edərkən bildirib ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, ancaq bu böhrandan ən az itkilərlə çıxan ölkələrdən biridir.

“Bir misal da gətirə bilərəm ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, bu il Azərbaycanda maaşlar və pensiyalar artırılıb, 10 faiz artım var. Bu da nadir hadisələrdən biridir”.

Əliyev ölkəsinin nəqliyyat sektorunda ciddi iş apardığını deyib.

“Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün çox fəal işləmişik. Bu dəhlizin yaradılması üçün Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı əsas şərtdir. Bildiyiniz kimi, həm İran Prezidenti, həm Rusiya Prezidenti ilə görüşlərdə bu məsələlər mənim tərəfimdən qaldırılmışdır, müzakirə edilmişdir və deyə bilərəm ki, burada ümumi razılıq var”.

O, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üçün də bütün işlərin görüldüynü diqqətə çatdırıb.

Prezident Əliyev Vaşinqtonda keçirilən nüvə saamitində iştirtakını xüsusi vurğulayıb.

“Nəzərə alsaq ki, Azərbaycan nüvə dövləti deyil, Azərbaycanda atom elektrik stansiyası yoxdur, demək olar ki, nüvə sənayesi hələ inkişaf etməyib, Azərbaycanın bu mötəbər tədbirə dəvət edilməsi ABŞ hökuməti, prezidenti tərəfindən bizə olan hörmətin təzahürüdür və bizim bu bölgədə oynadığımız rolu əks etdirir. Çünki bu da qeyd edilir ki, Azərbaycan nüvə materiallarının qanunsuz trafikinin qarşısının alınması məsələlərində çox etibarlı tərəfdaşdır”.

Əliyev səfər zamanı ABŞ-ın siyasi rəhbərliyi ilə çox yaxşı, səmərəli və səmimi danışıqlarının olduğunu deyib.

“Bu danışıqlar bir daha onu göstərir ki, bizim aramızdakı əlaqələr hər iki tərəf üçün çox önəmlidir. Biz bir çox sahələrdə birgə işləyirik və bu əlaqələr hər iki tərəf üçün yeni imkanlar açır. Burada həm siyasi əlaqələr, həm də energetika sahəsində əməkdaşlıq, təhlükəsizlik məsələləri və ticarət, iqtisadi məsələlər də gündəliyin əsas məsələləridir”.

Dövlət başçısı enerji məslələrindən danışarkən deyib ki, “Cənub Qaz Dəhlizi”nin icrası cədvəl üzrə gedir, lazımi investisiyalar qoyulur.

“Burada ölkələr və şirkətlər arasındakı əlaqələndirmə yüksək səviyyədədir. Əminəm ki, bu strateji layihə vaxtında icra ediləcək”.

Prezident ordunun maddi-texniki təchizatının daha da inkişaf etdiriləcəyini bəyan edib.

“İlk növbədə əlbəttə ki, biz ordu quruculuğuna daha da böyük diqqət göstərməliyik. Son illər ərzində bu istiqamətdə çox böyük addımlar atılmışdır, böyük işlər görülmüşdür. Ordumuzun maddi–texniki bazası möhkəmlənmişdir. Bu gün Azərbaycan Ordusu həm maddi-texniki təchizat, eyni zamanda, döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Biz müharibə şəraitində yaşayırıq. Bizim torpaqlarımız işğal altındadır. Əlbəttə, belə olan halda, ilk növbədə ordu quruculuğuna daha da böyük diqqət göstərilməlidir, göstərilir və göstəriləcəkdir”.

Dövvlət başçısı qarşıda duran vəzifələrdən danışarkən iqtisadi islahatların daha geniş vüsət alacağını bildirib. Azad sahibkarlığın, azad rəqabətin inkişaf edəcəyini, xarici investisiyaların cəlb edilməsinin, şəffaf iqtisadi və maliyyə sisteminin və qanunun aliliyinin təmin edilməsinin vacibliyini qeyd edib

O, bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesinın davam etdiyini bildirib.

“Hesab edirəm ki, gələcəkdə dollarlaşma meyillərinin qarşısı da alınacaq. Əfsuslar olsun ki, indi əmanətlərin böyük hissəsi dollarla saxlanılır. Bu da əlbəttə ki, ölkə iqtisadiyyatı üçün müsbət hal deyil”.

Prezident hesab edir ki, manatın məzənnəsi sabitləşib.

“Hesab edirəm ki, tədricən bu istiqamətdə də vəziyyət müsbətə doğru inkişaf edəcək”.

O, qeyri-neft sektorunun sürətli inkişafının bundan sonra da təmin ediləcəyini deyib.

“İki milyard manata yaxın dəyəri olan layihələr tərtib edilib. İndi iş adamları bu layihələri icra etməlidirlər. Burada əlbəttə ki, özəl bankların rolu da kifayət qədər böyükdür”.

O, yerli icra strukturlarını sahibkarlara tam şərait yaratmağa çağırıb.

“Çünki indi əsas vəzifə hər bir rayonun sosial-iqtisadi inkişafıdır. Yeni iş yerləri, yeni istehsal sahələri, ixracyönümlü istehsal sahələri yaradılmalıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq”.

Dövlət başçısı regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacağını bəyan edib.

“Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir. Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaqdır”.

Prezident çıxışında həmçinin tranzit daşımaları, “İpək Yolu” layihəsinə, ölkədə həyat keçirilən ekoloji layihələrə yer verib.

O, kənd təsəsrrüfatı sahəsinə yeni layihələrin reallaşdılıcağını, pambıqçılıq, üzümçülük, baramaçılığın inkişafına təkan veriləcəyini xüsusi qeyd edib.

“Ərzaq təhlükəsizliyi bizim üçün həmişə prioritet olubdur, bu gün də prioritetdir. Bu, imkan verir ki, biz özümüzü öz məhsullarımızla, keyfiyyətli və təmiz məhsullarla təmin edək, idxaldan asılılığı azaldaq, valyuta xaricə getməsin. Bu, birinci mərhələdir. İndi nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalıb, - əgər neftin qiyməti üç-dörd dəfə düşübsə, bu, o deməkdir ki, bizim valyuta gəlirlərimiz üç-dörd dəfə azalıbdır, - ona görə biz bunu kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik”, Əliyev qeyd edib.

XS
SM
MD
LG