Accessibility links

İlin yekunları-Trampın hakimiyyətdə ilk ili Rusiya ilə bağlı təhqiqatlar fonunda keçdi [Video]


İlin yekunlari: Tramp-Rusiya əlaqələrinə dair təhqiqatlar
please wait

No media source currently available

0:00 0:03:47 0:00

Donald Trampın hakimiyyətdə ilk ili onun kampaniyasının Rusiya ilə mümkün əlaqələrinə dair təhqiqatlarla yadda qalır. Birləşmiş Ştatların kəşfiyyat orqanları Rusiyanın Trampın demokrat rəqibi Klinton üzərində qələbəsinə kömək məqsədilə 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə etdiyi haqda nəticə çıxarıb. Konqresin komitələrində bununla bağlı təhqiqatlar aparılır.

“Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur. Hamı bunu bilir. Bu, demokratların oyunudur. Bu, seçkidə məğlubiyyətə bəraət qazandırmaqdır.”

Bu, Donald Trampın prezidentlik uğrunda mübarizədə köməyə görə Rusiyaya borcunu ödəmək üçün Kremllə yumşaq davrandığı haqda iddialara cavabı idi.

Yanvar ayında prezident kimi andiçmə mərasimindən iki həftə əvvəl Milli Kəşfiyyat direktoru Ceyms Klapperin ofisi Mərkəzi Kəşfiyyat Agentliyi, Federal Təhqiqatlar Bürosu və Milli Təhlükəsizlik Agentliyinin Vladimir Putinin Trampın qələbəsini təmin etməyə çalışdığı haqda nəticə çıxardığını bildirdi.

Putinin keçmiş dövlət katibi Klintonu pislədiyi və onun seçilməsi şanslarına mane olduğu, Trampa açıq şəkildə üstünlük verdiyi və Klintonun imicini zəiflətməklə Trampın seçilməsinə çalışdığı haqda nəticələr çıxarılıb.

Bu, Konqresdə dərhal təhqiqatların başlamasına səbəb oldu. Mart ayında Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komi onun başçılıq etdiyi agentliyin də Trampın komandası ilə Kreml arasında mümkün əlaqələrə dair təhqiqat apardığını təsdiq etdi.

Bundan az sonra Tramp Komini işdən kənarlaşdırdı. Bu, Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Müllerin xüsusi prokuror təyin olunmasına gətirib çıxardı. Onun apardığı geniş təhqiqat artıq bir neçə ittihamnamənin verilməsi və bir neçə nəfərin günahkar tanınması ilə nəticələnib.

Bir prezident kimi Trampın sözləri və əməlləri arasında bəzən zidiyyətlərin olduğu təsiri yaranırdı.

Tramp bu yaxınlarda Rusiyanın dəstəklədiyi separatçılarla döyüşən Ukrayna hərbi qüvvələrinə döyüş təyinatlı silahların satışını təsdiq edib və Ukraynaya müdaxiləyə görə Moskvaya qarşı yeni sanksiyalara imza atıb.

Lakin nitqlərində Tramp Kremllə münasibətlərin yaxşılaşdırılmasına çalışdığı haqda danışır.

“Mənə elə gəlir ki, həmişə onlarla dalaşmaqdansa, Rusiyanı dost mövqedə görmək öhdəlik deyil, dünya üçün və bizim üçün yaxşı haldır”, deyə Tramp bildirib.

Trampın milli təhlükəsizlik strategiyasında Rusiya “demokratiyaların legitimliyini pozmağa yönəlmiş təxribatçı üsullarla Amerikanın qlobal nüfuzunu azaltmağa çalışan təhlükəli bir rəqib kimi göstərilir.

Lakin strategiyasını açıqladığı nitqində Tramp Putinlə tərəfdaşlığın yaradılmasından danışıb.

“Dünən mən Rusiya prezidenti Vladimir Putindən bizim ölkəmizə Mərkəzi Kəşfiyyat Agentliyinin Sankt Peterburqda terror hücumu planlaşdırıldığına dair onlara kəşfiyyat məlumatı verməsilə əlaqədar təşəkkürünü bildirmək üçün telefon zəngi aldım. Bu hücumda çox sayda adam, bəlkə də minlərlə insan həyatını itirə bilərdi. Onlar terrorçuları hadisə baş vermədən və insan həyatı itirilmədən əvvəl saxlaya biliblər. Bu, yaxşı bir işdir və iş belə aparılmalıdır”, Tramp bildirib.

Təhlilçilərin bildirdiyinə görə, Trampın hər addımı Rusiya prizmasından ölçülür və bu, prezidenti Kremllə bəlkə də əslində olduğundan daha sərt davranmalı olmalı olduğu kimi bir vəziyyətə qoyur.

“Elə bil ki, o, nəyi isə ifrat dərəcədə etməyə çalışır ki, insanlar onunla Vladimir Putin haqqında pis düşünməsinlər. Buna görə də siz Ukraynaya silah satışına icazə vermək kimi bir addım atıldığını görürsünüz. Obama administrasiyası bu ölçünü Ukraynaya müdaxilənin baş verməsinə və Ukraynada müharibənin hələ də getməsinə baxmayaraq, illərdir bloklayırdı. Bu, çox güclü bir addım idi”, Brukinqs institunun təhlilçisi Ceyms Kirçik bildirir.

Donald Trampın hakimiyyətdə ikinci ili də birinci ildə olduğu kimi Rusiya mövzusunun dominant olacağı gözlənilir. Xüsusi prokuror Müllerin təhqiqatının nəticələri açıqlanmalıdır. Prezident özü isə dünya səhnəsində Forbes jurnalının ondan daha nüfuzlu kimi göstərdiyi yeganə lider olan Vladimir Putinlə qarşı-qarşıya qalacaq.

XS
SM
MD
LG