Accessibility links

İlqar Məmmədovun 43 yaşında həmrəylik


İlqar Məmmədovun ad günü
İlqar Məmmədovun ad günü

Həbsdə olan ReAL liderinin ad gününü tərəfdarları qeyd edib. Avropa Parlamenti Məmmədovun həbsdən azad edilməsini tələb edir

İyunun 14-də ReAl Vətəndaş Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun ad günüdür. Onun 43 yaşı tamam olur.
ReAl Hərəkatının fəalları, İlqar Məmmədovun dostları, hüquq müdafiəçiləri, gənclər RATİ-nin Media Mərkəzində Məmmədovun ad gününü qeyd edib, həmrəylik nümayiş etdirib, onun posteri qarşısında şəkil çəkdiriblər.

İ.Məmmədov 23-24 yanvar İsmayıllı hadisələrinin təşkilində ittiham olunur. Fevralın 4-də Nəsimi rayon Məhkəməsi Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham üzrə onun barəsində həbs qətimkan tədbiri seçib. Sonradan 233-cü maddə 220-ci (kütləvi iğtişaş) maddə ilə əvəz olunub.

Beynəlxalq hüquq müdafiə təşkilatları İlqar Məmmədovu vicdan məhbusu kimi tanıyır. Avropa İnsan hüquqları Məhkəməsi Məmmədovun şikayətini növbədənkənar baxış üçün qəbul edib və iyunun 18-dək Azərbaycan hökuməti Avropa Məhkəməsinin sorğusuna cavab verməlidir.
Məmmədov ReAl Hərəkatı tərəfindən prezidentliyə namizəd irəli sürülüb.

İyunun 13-də Avropa Parlamenti İlqar Məmmədovla bağlı qətnamə qəbul edib. Sənəddə Məmmədovun dərhal və qeyd-şərtsiz həbsdən azad edilməsi tələb edilir.

“ReAl İlqar Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı müdafiə komitəsi yaratmayıb, ancaq savadlı hüquq müdafiəçiləri həm beynəlxalq aləmdə, həm də ölkədə onun hüquqlarının müdafiə işlərini təşkil edir. Hazırda İlqar Məmmədovun şəkilləri əks olunan köynəklərin satışı başlayıb. Bu satışdan əldə edilən vəsait onun ailəsinin problemlərinin həllinə sərf olunacaq”, deyə ReAl-ın icra katibi Natqi Cəfərli qeyd edib.

Onun sözlərinə görə, ReAl Hərəkatı İlqar Məmmədovun seçki qərargahını yaradıb. Qərargah ölkə üzrə seçicilərlə işləmək üzrə qiymətləndirmə sənədi üzərində işləyir. ReAl artıq proqram sənədini də hazırlayıb başa çatdırıb, bu günlərdə təqdimatı olacaq.

“Proqramda ölkənin problemləri, onun həlli yolları, siyasi sistemin təşkili məsələləri əksini tapıb”, deyə Cəfərli bildirib.

Onun sözlərinə görə, ReAl-ın prezidentliyə namizədi qeydiyyatdan keçsə belə, vahid namizəd elan edildikdən sonra qiymətləndirmə apararaq onun xeyrinə imtina etməyə hazırdır.

Vəkil Xalid Bağırov İlqar Məmmədovun səhhətinin normal, əhval-ruhiyyəsinin işgüzar olduğunu deyib. O, ittihamları əsassız və sifariş hesab edir.

“Bütün dünya bilir ki, İlqar Məmmədov siyasi sifarişlə həbs olunub. Dünən Avropa Parlamentinin qəbul etdiyi qətnamədə də bu, bir daha təsdiq olunub. Onun qeyd-şərtsiz, dərhal azadlığı tələb edilib. İlqar Məmmədov İsmayıllıda hadisələr səngiyəndə olub. Amma, istintaq onu kütləvi iğtişaşların təşkilində günahlandırır. Belə görünür ki, İsmayıllıdakı Çıraq otelinin sahibini İlqar Məmmədov yedirib-içirib, sərxoş edib, onun avtomobilini qəzaya uğradıb, sonra da camaatı söydürüb. Çünki İsmayıllı hadisələrinə bu səbəb olub. Çox gülməlidir, elə deyilmi?”, deyə vəkil istehza edib.

Çıxışlarda dəfələrlə Azərbaycan hakimiyyətinin tezliklə İlqar Məmmədovu azadlığa buraxacağına ümid ifadə edilib. Ancaq Məmmədov azadlığa buraxılmadığı təqdirdə Azərbaycan məmurlarına qarşı da Maqnitski qanunun tətbiqinin vacibliyi deyilib.

“Azərbaycan Belarus deyil. Azərbaycan məmurları İcveçrənin dağlarında xizək sürür, İtaliyada, Parisdə tədbirlər keçirir. Məmurların Avropa məkanında böyük biznesləri, banklarda pulları var. Məmurlara, məhkəmə hakimlərinə, hüquq mühafizə orqanlarının vəzifəli şəxslərinə sanksiyaların tətbiqi səmərə verər. İlqar Məmmədov da bu məsələni qaldırıb”, deyə ReAL-ın fəalı Zöhrab İsmayıl qeyd edib.

İlqar Məmmədov prezident Əliyevin yaxınlarda Brüsselə səfəri öncəsi Avropa İttifaqının rəhbərlərinə məktubla müraciət edəcək.
XS
SM
MD
LG