Accessibility links

Aprelin 22-də İlqar Məmmədovun apellyasiya şikayətinə baxılacaq


İlqar Mımmədov (Foto Ülvi Həsənlinindir)
İlqar Mımmədov (Foto Ülvi Həsənlinindir)

“REAL” Hərəkatının həbsdə olan lideri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi aprelin 22-si saat 14.30-a təyin edilib. Şikayətə Şəki Apellyasiya Məhkəməsi baxacaq. Bu barədə vəkil Cavad Cavadov Facebook səhifəsində yazıb.

Apellyasiya şikayətləri üzrə məhkəmənin ilkin baxış iclası bu il fevralın 25-də keçirilib.

İlqar Məmmədov və Tofiq Yaqublu 2013-cu il fevralında həbs olunub. Onlar həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr zamanı həbs olunub, İlqar Məmmədov 7 il, Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib. Tofiq Yaqublu 2016-ci il martın 17-də prezident sərəncamı ilə əfv edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir. Avropa Şurasının Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini İlqar Məmmədovu azadlığa buraxmağa çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi baxılmaq üçün Şəki rayon Məhkəməsinə qaytarılıb.

XS
SM
MD
LG