Accessibility links

Həbsdə olan iranlı fəal yenidən aclıq aksiyasına başlayıb


Zərdüşt Əhmədi Ragib
Zərdüşt Əhmədi Ragib

İranın həbsdə olan vətəndaş haqları fəalı Zərdüşt Əhmədi Ragibin hakimiyyətin ona qarşı irəli sürdüyü yeni ittihamların "uydurma" olduğunu deyərək, etiraz olaraq yenidən aclıq aksiyasına başladığı bildirilir.

Yanğınsöndürmə idarəsinin keçmiş əməkdaşı olan Ragib 2018-ci ilin iyununda ali dili lider Ayətulla Əli Xameneyini istefaya çağıran 14 mülki və siyasi fəaldan biridir.

İranda demək olar ki, hər bir mühüm qərarda son söz sahibi olan Xameneyinin tənqidi rejim tərəfindən qırmızı xətt kimi qəbul edilir və onun tənqidçilərinin adətən həbs edildiyi, siyasi məhbusların təkadamlıq kameralarda saxlanıldığı və müxtəlif işgəncələrə məruz qaldıqları deyilir.

Kərəcdəki İslam İnqilab Məhkəməsi tərəfindən Ragibə qarşı irəli sürülən yeni ittihamlarda o, "sistem əleyhinə təbliğat"da ittiham edilir.

AzadlıqRadiosunun Fərda bölməsi ona yaxın mənbələrə istinadən, yeni ittihamlardan sonra Ragibin son işinə baxan müstəntiqə yazdığı məktubda aclıq aksiyasına başladığını bildirib.

O, həmçinin həbsxanadan səs mesajı göndərdiyinə görə, Tehranın qərbində, Kərəcdəki Gezel Hesar həbsxanasının təhlükəsizlik şöbəsinə köçürülüb və ailəsi ilə hər hansı əlaqəsı kəsilib.

Fəaliyyətinə görə dəfələrlə həbs edilən Ragib həmçinin qadınlar üçün bərabər hüquqları təmin edən yeni konstitusiya çərçivəsində yeni siyasi sistemin qurulmasına və ölüm hökmünün ləğvinə çağırıb.

2022-ci ilin fevralında Ragib "dövlət əleyhinə təbliğat" apardığına görə bir il həbs cəzasına məhkum edilib və bu, onun ilk dəfə aclıq aksiyası elan etməsinə səbəb olub.

O, cəzasını başa vurduqdan sonra fevral ayında həbsdən azad edilib, lakin mart ayında məktəblərdəki zəhərlənmə hallarına qarşı etiraz zamanı yenidən həbs edilib.

Ragib may ayında yenidən "toplaşmaq və milli təhlükəsizliyə qarşı sövdələşmə" və "dövlət əleyhinə təbliğat" ittihamları ilə 5 il 8 ay həbs cəzasına məhkum edilib.

Forum

XS
SM
MD
LG