Accessibility links

Hindistan və Çin Rusiya ilə birgə hərbi təlimlərdə iştirak edəcək


Hindistan və Çin cümə axşamı Rusiyanın şərqində başlayacaq və bir həftə davam edəcək birgə hərbi təlimlərdə iştirak edəcək ölkələr arasındadır. Bu barədə Rusiyanın dövlətə məxsus Tass xəbər agentliyi məlumat verib.

Hindistan daha öncə Rusiyada çoxmillətli hərbi təlimlərdə iştirak etsə də, təhlilçilər deyir ki, Hindistanın Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda “Vostok-2022” hərbi təlimlərdə iştirakı Yeni Dehlinin Birləşmiş Ştatlarla artan strateji tərəfdaşlığa rəğmən Moskva ilə dostcasına münasibətdə olduğunu vurğulayır.

“Hindistanın Rusiyada təlimlərdə iştirak etməsi qeyri-adi deyil, ancaq bu dəfə onlar həm də siyasi mövqe ortaya qoyurlar,” Yeni Dehlidə Müşahidəçi Tədqiqat Fondunun elmi işçisi Manoj Coşi deyir. "Yeni Dehli vurğulayır ki, Ukrayna böhranı başladığı zaman tutduğu müstəqil mövqeyə sadiq qalacaq və ABŞ-la Rusiya arasında neytral qalmağa davam edəcək.”

Hindistan Rusiyanın Ukraynaya müdaxiləsini qınamaqdan yayınıb və Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmayıb. Onun bu il Moskvadan neft idxalı kəskin şəkildə artıb, çünki Hindistan böyük endirimlərdən yararlanıb.

Hindistan neft alışının özü kimi enerji çatışmazlığı yaşayan və inkişaf etməkdə olan ölkə üçün zəruri olduğunu əsas gətirərək müdafiə edib. “Biz öz maraqlarımız barədə çox dürüst olmuşuq,” Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar bu ayın əvvəlində Banqkokda deyib. “Bizim ölkəmizdə adambaşına düşən gəlir 2000 dollardır. Bu insanlar daha yüksək enerji qiymətlərini ödəyə bilməzlər.”

Hindistan hazırda İsrail və ABŞ daxil olmaqla başqa ölkələrdən silahlar alsa da, mövcud silahlarının əksəriyyəti Rusiya istehsalıdır.

Təhlilçilər bildirir ki, Hinhinstanın yaxın zamanda Rusiyadan üz döndərmək ehtimalı azdır.

“Hindistanın müdafiə baxımından Moskva ilə mühüm müsahibətləri var və Hindistanın Ukrayna böhranında birbaşa payı yoxdur,” Coşi deyib. “Əgər Rusiya ilə əlaqələr saxlamaq milli maraqlarımıza xidmət edirsə, biz bunu edəcəyik – Hindistanın mövqeyi budur.”

Hələ ki, belə görünür, Vaşinqton Hindistanın mövqeyini qəbul edir. Bu ayın əvvəlində Dövlət katibinin sözçüsü Ned Prays Hindistanın Vostok hərbi təlimlərində iştirakı ilə bağlı suala cavab olaraq deyib ki, ABŞ başa düşür ki, bir ölkənin xarici siyasətini dəyişmək uzunmüddətli bir problemdir.

“Ancaq eyni zamanda biz başa düşürük ki, dünyada, misal üçün, Rusiya kimi ölkələrlə təhlükəszilik əlaqələri daxil olmaqla, uzunmüddətli münasibətləri var,” o, mətbuat brifinqində deyib. “Bir ölkənin xarici siyasətini dəyişdirməsi və yaxud təhlükəsizlik isteblişmentini ya da müdafiə tədarükü praktikalarını Rusiya kimi ölkələrdən uzaqlaşdırması bir gecədə edilə bilməz.”

XS
SM
MD
LG