Accessibility links

İndoneziyada zəlzələdən sonrakı əməliyyatlarda 78 cəsəd aşkar edilib


İndoneziyada yanvarın 16-da baş verən zəlzələdən sonrakı axtarış əməliyyatlarında 78 cəsəd aşkar edilib.

800-dən çox adam xəsarət alıb. Minlərlə insan evsiz qalıb.

ABŞ Geoloji Araşdırma Mərkəzinin bildirdiyinə görə, zəlzələnin episentri Qərbi Sulavesi vilayətinin Mamuju rayonundan 36 kilometr cənubda və 18 kilometr dərinlikdə yerləşir.

Xilasetmə qrupları Mamuju xəstəxanasının dağıntıları altında qalan ondan çox xəstə və işçilərin axtarışını aparır.

Fövqəladə hallar agentliyinin rəsmisi üç yerdə torpaq sürüşməsi meydana gəldiyini və bölgədəki bir əsas yolun bağladığını deyib.

İndoneziyanın Qırmızı Xaç xilasetmə qrupları dağıntılar altında sağ qalanları axtardıqlarını və ilk tibbi yardım göstərdiklərini açıqlayıb.

Təşkilatın baş katibi Sudirman Said bildirir ki, "Bu çox faciəvi bir zəlzələdir və mütəxəssis qruplarımız dağıntılar arasındakı insanlara kömək etmək üçün gecə ərzində işləyib". O həmçinin “bu saatların insanların həyatını qurtarmaq üçün çox vacib olduğunu” əlavə edib.

İndoneziya dünyanın seysmik cəhətdən ən aktiv bölgələrindən biri olan “Atəş Halqası”-da yerləşdiyinə görə orada zəlzələ, vulkan və sunami tez-tez baş verir.

2018-ci ildə Sulavesinin Palu bölgəsində da baş verən 7,5 bal gücündə zəlzələ və sunami nəticəsində 4000-dən çox insan həyatını itirmişdi.

Bundan əvvəl isə 2004-cü ilin dekabr ayında Sumatra sahillərindəki 9,1 bal gücündəki zəlzələ nəticəsində 230 min insan həyatını itirmişdi.

XS
SM
MD
LG