Britaniyanın cənubundakı Bornmut şəhərinin polisi cümə axşamı, ilin ən isti günündə sosial məsafə qaydalarını pozaraq, yerli çimərliklərə axın edən minlərlə insanı bir-birindən uzaq durmağa çağırıb.
Avtomobillərin dar yolllardan istifadə etməsi üçün bölgələrdə "böyük insident" elan edilib. Bu, yerli hakimiyyət orqanlarına və təcili yardım xidmətlərinə problemi həll etmək üçün əlavə səlahiyyətlər verir.
Bornmut, Kraystçörç və Pul şurası meteoroloqların 2020-ci ilin ən isti günü olduğu dediyi gündə insanların dəniz sahilinə üz tutduqları üçün yolların "tamamilə dolu" olduğunu bildirib. Londonun Heathrow hava limanında temperatur müsbət 33.3 dərəcə göstərib.
Əraziyə əlavə polis patrulları gətirilib. Şura daşan zibil qablarını təmizləyən işçilərin təhlükəsizliyinin təmin edildiyini bildirib.
Şuranın bildirdiyinə görə, insanları xəbərdar etmək üçün erkən saatlarda ərazidəki yolların dolu olduğunu bildirən işarələr qoyulub.
Bu həftənin əvvəlində baş nazir Boris Conson iyulun 4-dən etibarən pivə barları və restoranları açılışı da daxil olmaqla, bir sıra məhdudiyyətlərin yüngülləşdiriləcəyini bildirib.
O, eyni zamanda həmin gündən etibarən iki metrlik sosial məsafə qaydasının bir metrə endiriləcəyini bildirərək, bunun bizneslərin inkişafına yönəlmiş bir addım olduğunu deyib.