Accessibility links

Koronavirusun sürətlə yayıldığı İngiltərə yanğınsöndürənlərin də yardımından istifadə edəcək


Dünya boyu 24 000-dən çox insanın həyatına son qoyan koronavirusun sürətlə yayıldığı İngiltərə ərzaq çatdırılması, meyitlərin daşınması və təcili yardım maşınlarının idarə olunması üçün yanğınsöndürənlərin yardımından istifadə edəcək.

1918-ci il qrip epidemiyasından bəri ən ağır sağlamlıq böhranı ilə üzləşən İngiltərə əvvəlcə buna olduqca mülayim yanaşdı, lakin sonrakı məlumatlar İngiltərənin 250 mindən çox sakininin koronavirus səbəbilə ölə biləcəyini göstərdikdən sonra hökümət sərt tədbirlər görməyə başladı.

Baş nazir Boris Conson COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün dünyanın beşinci ən böyük iqtisadiyyatında blokada tətbiq edib. Belə ki, Britaniyada insanların çox vacib səbəb olmadan evlərini tərk etmələri qadağan edilib.

Bu günə qədər Birləşmiş Krallıqda koronavirus 578 nəfərin ölümünə səbəb olub, 11 658 nəfər virusa yoluxub. Reuters xəbər agentliyinin verdiyi məlumata görə, İngiltərə itkilərə görə İtaliya, İspaniya, Çin, İran, Fransa və ABŞ-dan sonra dünyada yeddinci yerdədir.

Yanğınsöndürmə Briqadaları Birliyi (FBU) və Yanğınsöndürmə Qərargahları arasında bağlanmış müqaviləyə əsasən yanğınsöndürənlər adi fövqəladə hallara yardım edəcəklər. Lakin indi onların yeni vəzifələri var.

“Biz həyatımızda üzləşmədiyimiz, analoqu olmayan bir böhranla üzləşirik. Koronavirusun yayılması artıq fövqəladə haldır və yanğınsöndürənlər haqlı olaraq icmalarına yardım etmək istəyirlər " deyə, Yanğınsöndürmə Briqadaları Birliyinin baş katibi Matt Vrek bildirib.

"Çoxları itkinin çox ola biləcəyindən qorxur və çox vaxt ağır hadisələri idarə edən yanğınsöndürənlər indi cəsədlərin daşınmasına yardım etməyə hazırdırlar" deyib Matt Vrek.

Kütləvi itki olduqda yanğınsöndürənlər cəsədləri toplamaqla yanaşı, təcili yardım maşınlarını sürə, ehtiyacı olanlara ərzaq və dərman daşıya bilər.

Bu faciənin öhdəsindən gəlmək üçün İngiltərə təqaüddə olan on minlərlə həkim və səhiyyə işçisinin işə qayıtmalarını istəyib. Yüz minlərlə insan isə könüllü olaraq yardım əlini uzadıb.

XS
SM
MD
LG