Accessibility links

Milli koordinator: 2017-ci ildə insan alveri üzrə 8 cinayətkar qrup zərərsizləşdirilib


Vilayət Eyvazov
Vilayət Eyvazov

2017-ci ildə Azərbaycanda 42 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı 26 fakt aşkarlanıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər (66 qadın və 5 kişi) müəyyənləşdirilib.

Bu barədə Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun mayın 4-də Milli Məclisə illik məlumatında deyib.

Onun sözlərinə görə, insan alveri və məcburi əmək faktlarına görə başlanılmış cinayət işlərindən 28-nin istintaqı tamamlanıb, 33 şəxs məhkəməyə verilib.

“Onlardan 29-u barəsində ittiham hökmü çıxarılıb. İnsan alveri qurbanlarından 65-i müvəqqəti sığınacağa yerləşdirilərək tibbi, psixoloji və hüquqi yardım alıb. Bütövlükdə 68 qurban sosial xidmətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə QHT-lərə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında müvafiq Yardım Mərkəzinə istiqamətləndirilib. 21 nəfər işlə təmin edilib, 6 nəfər peşə kursuna göndərilib, 55 nəfər ailəsinə qaytarılıb”, o qeyd edib.

Milli koordinator deyib ki, 2017-ci ildə küçələrdə işləyən və dilənən 570 uşaq aşkar edilib, 220 valideyn barəsində inzibati tənbeh tədbiri görülüb.

“Yetkinlik yaşına çatmayan 150 uşağa və onların valideynlərinə Bakıda, Gəncədə və Qubada fəaliyyət göstərən müvafiq sığınacaqlarda hüquqi və psixoloji yardımlar göstərilib”, Eyvazov bildirib.

XS
SM
MD
LG