Accessibility links

Azərbaycanda insan hüquqlarının pozulması kəskin şəkildə tənqid edilir


Azərbaycanda jurnalistlər, blogerlər, fəallar və digər müstəqil düşünən insanların fikri ifadə etmək azadlıqları ciddi şəkildə məhdudlaşdırılmaqda davam edir. Bu barədə mayın 27-də Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks ötən həftə Azərbaycana səfərinin yekunları ilə bağlı bildirib.


Bu kateqoriya insanların həbs edilməsi faktlarını qeyd edən komissar deyib: “tamamilə aydındır ki, onlar həbsxanada olmamalıdır”.


Komissar səfəri çərçivəsində yanvarda iğtişaşlar baş vermiş İsmayıllı rayonuna baş çəkib. O, həmçinin Kürdəxanı istintaq təcridxanasında REAL hərəkatının lideri İlqar Məmmədova, gənc fəal Zaur Qurbanlıya və “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədova baş çəkib.

“Fikirlərini ifadə etdikləri üçün həbsdə olan bütüninsanların azad edilməsi Azərbaycan hakimiyyəti üçün prioritet olmalıdır”, deyən komissar qeyd edib ki, bu, məhkəmə çəkişmələrinin müstəqilliyinin və qərəzsizliyinin artırılması ilə müşaiyət olunmalıdır.


Buna paralel olaraq, hakimiyyət nəhayət diffamasiya haqqında qanunvericiliyə dəyişiklik etməli və buna görə həbs cəzası deyil, proporsional cərimələr müəyyən etməlidir.


Hakimiyyətin bu məsələ ilə bağlı Venesiya Komissiyası ilə danışıqlar apardığını qeyd edən komissar bildirib ki, bütün bunlar Azərbaycan parlamentinin iki həftə əvvəl qəbul etdiyi, diffamasiya görə cinayət cəzasını İnternetə şamil edən düzəlişlərlə bir araya sığmır. Mujnieks Azərbaycan prezidentini qanuna bu düzəlişləri imzalamamağa çağırıb.


Toplaşmaq azadlığının məhdudlaşdırılmasına toxunan komissar qeyd edib ki, 2006-cı ildən etibarən hakimiyyət Bakının mərkəzində dinc nümayişləri qadağan edib, indi isə icazəsiz aksiyalarda iştiraka görə inzibati cəzanı sərtləşdirib.


Hakimiyyət nümayişlərin icazə verildiyi yerlərin xüsusi siyahısını elan edib, amma toplaşmaq azadlığı hüququnun daha yaxşı həyata keçirilməsinə doğru bir addım kimi bu siyahıya Bakı şəhərinin mərkəzində və s. yerlər daxil edilməlidir.


Birləşmək azadlığına gəlincə, komissar QHT-lərin qeydiyyatı ilə bağlı problemlərdən xüsusilə narahatdır.


AŞ Venesiya Komissiyası 2011-ci il tarixli rəyində qanunvericilikdə vaxt çərçivələrinin olmaması, Beynəlxalq QHT-lərin yerli təşkilatlarının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatı ilə bağlı nöqsanlar olduğunu üzə çıxarıb. Bütün bunlar qeydiyyatın həddindən artıq ləngidilməsinə səbəb olur.

XS
SM
MD
LG