Accessibility links

Amnesty International Rusiyanın azərbaycanlı qaçqını ölkəsinə təhvil verməsini pisləyib


Amnesty İnternational
Amnesty İnternational

Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı Rusiyanın azərbaycanlı qaçqın Fərid Yusubu ölkəsinə təhvil verməsini pisləyib, onun burada işgəncəyə, pis rəftara, ədalətsiz mühakiməyə məruz qala biləcəyini vurğulayır.

Bu barədə təşkilatın bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, avqustun 15-də Azərbaycana qaytarılan Fərid Yusub hazırda istintaq altındadır.

“Azərbaycan hakimiyyəti onun işgəncəyə məruz qalmadığına zəmanət verməli, beynəlxalq hüquq və standartlara uyğun cinayət törətməsinə yetərli sübut yoxsa, dərhal azadlığa buraxmalıdır. Onun vəkili, ailəsi ilə ünsiyyəti təmin olunmalı, gərəkən tibbi xidmət göstərilməlidir”, bəyanatda deyilir.

Fərid Yusub oğurluq, saxtakarlıq və Azərbaycan sərhədini qanunsuz keçməkdə ittiham olunur. Özü isə müxalif baxışlarına, Daxili İşlər Nazirliyinin yüksəkçinli məmuruna qarşı şəxsi ədavətinə görə ittihamların uydurulduğunu bildirir.

Ona ittihamlar 2016-cı ildə, AzadlıqRadiosunun rus xidmətinə müsahibəsindən sonra irəli sürülüb. O, müsahibədə Azərbaycanda siyasi rejimi, müxalifət liderlərinin, prezidenti tənqid edənlərin təqib olunmasını pisləyib.

Fərid Yusub hakimiyyət tərəfindən uzun müddət təqibə məruz qaldığını iddia edib. Dediyinə görə, 2008-ci ildə Bakıda polisə aparılaraq döyülüb. Çünki Daxili İşlər Nazirliyində bir məmurun həyat yoldaşı olan, əri tərəfindən pis rəftar gördüyünü deyən bacısının Azərbaycandan qaçmasına kömək edib. Sonradan Fərid Yusub özü də Azərbaycandan gedib, BMT-nin qaçqınlar üzrə agentliyi ona Misirdə qaçqın statusu verib. 2014-cü il etirazları zamanı Misiri tərk edərək Rusiyaya gedib. Ancaq qaçqın kimi beynəlxalq qorumaya ehtiyacını nəzərə almayan Rusiya Yusuba sığınacaq verməyib, bu il avqustun 15-də onu Azərbaycana təhvil verib. Amnesty International Rusiyanın beynəlxalq insan haqları öhdəliklərini yerinə yetirmədiyini vurğulayır.

Amnesty International illərdir Azərbaycanda ciddi insan haqları pozuntularına yol verildiyini vurğulayır.

Təşkilat ölkədə ifadə, birləşmə və sərbəst toplaşma azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığını qeyd edir. İnsan haqları müdafiəçiləri ötən il Azərbaycanda 100-dən artıq şəxsin siyasi motivlərlə həbsdə olduğunu, belə halların artdığını vurğulayır.

“İşgəncə və pis rəftar Azərbaycanda geniş yayılıb, hakimiyyət bu iddiaları araşdırmayıb. Məhkəmələr bir çox hallarda işgəncə yoluyla alınmış "etiraflar"ı dəlil kimi qəbul edib”, bəyanatda deyilir.

Hakimiyyət bu bəyanata, hələlik, münasibət açıqlamayıb. Ancaq rəsmilər ölkədə insan haqlarının pozulmasıyla, saxlananlara işgəncə verilməsilə bağlı deyilənləri qəbul etmir.

Avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş həyat yoldaşı və uşaqlarını saxta sənədlə ölkədən çıxarmaqda təqsirləndirilən 14 nəfərə hökm oxunub.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər - Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunduğu, onların cinayət işinin ayrıca icraata verildiyi bildirilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG