Accessibility links

İnsan alverinə qarşı mübarizə konfransı: Zəif durumda olanlara kömək [Video]


İnsan alverinə qarşı mübarizə konfransı: zəif durumda olanlara kömək
İnsan alverinə qarşı mübarizə konfransı: zəif durumda olanlara kömək

Ekspert Müzəffər Baxışovun Amerikanın Səsinə müsahibəsi

ATƏT-in Bakı ofisi insan alveri qurbanlarının müdafiəsinə həsr olunmuş beynəlxalq konfrans keçirir. İki günlük konfransın məqsədi hakim, prokuror, vəkil, hüquqşünasların insan alveri və məcburi əmək hallarının mühakiməsində rolunun müzakirəsi, eləcə də insan alveri qurbanlarının müdafiəsi ilə bağlı müxtəlif ölkələrin təcrübəsini öyrənməkdir.

Forumda Azərbaycanın daxili işlər, ədliyyə nazirliklərinin vəzifəli şəxsləri, ATƏT-in insan alverinə qarşı mübarizə üzrə koordinatorunun xüsusi təmsilçisi, Beynəlxalq Miqrasiya Təşkilatı, Özbəkistan, Böyük Britaniya, Türkiyə, Niderland, Moldova, Qazaxıstan, Qırğızıstan və başqa ölkələrdən hakimlər, ekspertlər, qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edir.

“İnsan alverinə qarşı mübarizəyə cəlb olunmuş bütün tərəflərin qurbanların zəif durumda olduğunu qəbul etməsi çox vacib haldır. Önəmli məsələlərdən biri də onların insan alveri qurbanı olduğu zaman məcburən törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb edilməməsi və cəzalandırılmamasıdır”, deyə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay qeyd edib.

Onun fikrincə, insan alveri cəmiyyətlərə ağır zərbədir.

“İnsan alveri qurbanları əsasən kasıblar, status ala bilməyən miqrantlar və kimsəsiz uşaqlar olur”.

Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində regionda nümunə ölkələrdən biridir. Burada insan alverinə və məcburi əməyə cəlb etməyə qarşı mübarizə ilə bağlı qanunlar və çoxsaylı digər hüquqi aktlar qəbul edilib. Ölkədə bu sahədə milli fəaliyyət planı həyata keçirilir. 2012-ci ildə Azərbaycan ABŞ Dövlət Departamentinin 2-ci nəzarət siyahısından çıxarılaraq 2-ci qrup siyahısına daxil edilib.

“Əgər əvvəlki illərdə hər il ölkədə insan alveri və məcburi əməklə bağlı 80-85 cinayət qeydə alınırdısa, 2013-cü ildə cəmi 15 insan alveri və 4 məcburi əmək halı qeydə alınıb”, deyə Daxili işlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev qeyd edib.

Onun sözlərinə görə, ölkədə insan alveri qurbanlarına 400 manat birdəfəlik yardım edilir.

“Eyni anda 46 qurbanı qəbul edən sığınacaq, qurbanların uşaqları üçün xüsusi sığınacaq və təhsilini davam etdirməsi üçün siniflər fəaliyyət göstərir. Bütün qurbanlar pulsuz paltar, yemək və hüquqi xidmətlə təmin olunur”.

O İnsan alverinə qarşı mübarizə üzrə 2014-2018-ci illəri əhatə edəcək Milli Fəaliyyət Planının layihəsinin hazırlanaraq Nazirlər Kabinetinə təqdim edildiyini də diqqətə çatdırıb.

İnsan alverinə qarşı mübarizə məsələləri üzrə ekspert Müzəffər Baxışov Amerikanın Səsinə müsahibəsində bildirib ki, ölkədə insan alveri sahəsində çoxsaylı qanunlar və hüquqi sənədlər qəbul edilsə də problemlər mövcuddur.

Onun sözlərinə görə, Azərbaycanda indiyədək insan alveri cinayəti ilə bağlı bir nəfər belə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilməyib.

Ekspert həmçinin məcburi əməyə cəlb etmə ilə bağlı da çoxsaylı problemlərin olduğunu deyib.

“Rəsmi qurumlar bu il cəmi dörd halda məcburi əməyə cəlb etmə müəyyən edib. Amma, istənilən tikinti meydanına baxmaqla bunun reallığı əks etdirmədiyini görmək mümkündür”, Baxışov qeyd edib.
İnsan alverinə qarşı mübarizə konfransı: zəif durumda olanlara kömək
please wait

No media source currently available

0:00 0:03:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG