Accessibility links

"Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda" yeni hüquq-müdafiə təşkilatı təsis edilib


Noyabrın 14-də "Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda" yeni hüquq-müdafiə təşkilatının təqdimatı olub.

Qurumun təsisçiləri Leyla Yunus (Sülh və Demokratiya İnstitutu), Elşən Həsənov (Siyasi Məhbusların Müdafiəsi Mərkəzi), Hilal Məmmədov ("Tolışi sado" qəzetinin baş redaktoru) və Eldəniz Quliyevdir (Azərbaycan Ziyalılar Birliyinin sədri).

Bu şəxslər həmin qurumu təsis etməklə eyni zamanda Siyasi Məhbusların Müdafiəsi Mərkəzindən (SMMM) çıxdıqlarını bildirib.

E.Quliyev bildirib ki, SMMM-dən fərqli olaraq, yeni qurum yalnız siyasi məhbuslar məsələsilə məşğul olacaq.

Belə ki, SMMM ilə fikir ayrılığına siyasi motivlərlə təqib olunduqlarına görə Azərbaycanı tərk etmiş şəxslərin haqqında "Avropa iş" hesabatı səbəb olub.

"Biz belə hesabatın hazırlanmasının əleyhinə idik, çünkü qeyri-sağlam ajiotaj yaranmışdı. Kimin siyasi mühacir olub-olmadığını müəyyən etmək bizim işimiz deyil. Biz hüquq-müdafiə fəaliyyətilə məşğul oluruq və siyasi motivlərlə həbs olunanların hüquqlarını qoruyuruq. Odur ki, qərara aldıq ki, yeni təşkilat yaradaq və bu təşkilat ancaq siyasi motivlərin olduğu şəxslərin siyahısının tərtib edilməsi və müdafiəsi ilə məşğul olacaq", E.Quliyev bildirib.

Onun sözlərinə görə, yeni təşkilat ancaq AŞPA meyarlarına əsaslanacaq.

L.Yunus skype ilə tədbirə qatıla bilməyib, çünki "Sovet düşərgəsindən Azərbaycan həbsxanasına" kitabının Avstriyada təqdimatını keçirir.

Elşən Həsənov bildirib ki, hazırda ölkədə siyasi məhbusların sayı 150 nəfərdir. Həbsdə olan bir neçə nəfərin işi öyrənilir.

O, İttifaqın əsas vəzifələrindən biri kimi Azərbaycandakı repressiyalar, siyasi məhbuslarla vəziyyət barədə beynəlxalq birliyin məlumatlandırılmasını, onların hər biri haqda hərtərəfli məlumatın hazırlanmasını göstərib.

"Hakimiyyət vətəndaş cəmiyyətini dinləməyəndə biz beynəlxalq birliyə şikayət etməli oluruq", o qeyd edib.

H.Məmmədov insan hüquqlarının pisləşməsinin davam etdiyini bildirib Onun sözlərinə görə, Azərbaycan bu göstərici üzrə Avropada liderdir.

"Azərbaycanda 150 siyasi məhbus var, halbuki, Belarusda bu, iki nəfərdir. Azərbaycan adambaşına düşən siyasi məhbusun sayına görə Rusiyanı da qabaqlayır. 147 milyon əhalisi olan Rusiyada 195 siyasi məhbus var", - H.Məmmədov vurğulayıb.

XS
SM
MD
LG