Accessibility links

İran Azərbaycanında Beynəlxalq Ana Dili Günü qeyd edilib


Ana Dili Günü - foto Telegram kanalında Abbas Lisani İnsan Haqlarını Müdafiə adlı hesabın səhifəsindən götürülüb.

İran Azərbaycanının müxtəlif şəhərlərində milli mədəni fəallar Beynəlxalq Ana Dili Günü münasibətilə uşaqlara türkcə kitablar və cizgi filmləri diskləri hədiyyə edib.

Sosial mediada yayımlanan məlumata görə, Beynəlxalq Ana Dili Günü ərəfəsində milli fəallar Təbriz, Urmiyə, Ərdəbil və Zəncan kimi böyük şəhərlər başda olmaq üzrə müxtəlif şəhərlərdə, o cümlədən Kərəc, Qoşaçay, Sulduz və Xiyavda kitab hədiyyə kampaniyası təşkil edərək, uşaqlara türkcə nağıl kitabları və türkcə dublyaj edilmiş cizgi filmlərinin disklərini hədiyyə edib. Ana Dili Günü münasibətilə uşaqlara şirniyyat paylanıb və fəallar divarlara plakatlar yerləşdiriblər.

Beynəlxalq Ana Dili Günü - foto Telegram kanalında Abbas Lisani İnsan Haqlarını Müdafiə adlı hesabın səhifəsindən götürülüb.
Beynəlxalq Ana Dili Günü - foto Telegram kanalında Abbas Lisani İnsan Haqlarını Müdafiə adlı hesabın səhifəsindən götürülüb.

Ərdəbildə milli fəallar yoxsul məhəllələrdə ailələrə türkcə kitabla yanaşı, məktəb üçün dəftərxana ləvazimatları da paylayıb. Azərbaycanlı fəallar həmçinin kampaniya sırasında uşaqlar və ailələrə türkcə kitab hədiyyə edərkən onlara Ana dilində təhsil almanın önəmi və faydaları haqda məlumat veriblər.

Bu il İran Azərbaycanında 21 fevral Beynəlxalq Ana Dili Gününün keçən illərə nisbətən daha geniş qeyd edildiyi və bir çox vətəndaşın könüllü olaraq türkcə kitab hədiyyə etdiyi müşahidə edilir.

Həmçinin İran Azərbaycanına mənsub siyasi təşkilatlar bəyanat yayaraq, qeyri-fars etniklərin məktəblərdə ana dillərində təhsil almaqdan məhrum olmasını qınayıblar.

Yarı rəsmi İSNA xəbər agentliyi Ana Dili Günü üçün “Ana dili; milli dili gücləndirir” başlıqlı bir məqalə yayımlayıb. Məqalədə İranda qeyri-farsların ana dillərinə qarşı təzyiqlərə babxmayaraq, son illərdə ölkədə bu dillərin tədrisi ilə bağlı verilən vədlər vurğulanıb. Həmin məqalədə bir ədəbiyyat ustadından sitat gətirilərək "2023-cü ildən etibarən Azərbaycan məktəblərində türk dilinin tədris olunacağı" qeyd edilib.

İranda rəsmilər ölkədə qeyri fars etniklərin yaşadığı bölgələrdə ana dillərinin tədrisi ilə bağlı vədlər versələr də, hələ ki, illərdən bəri bu vədlər yerinə yetirilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG