Accessibility links

Çoxsaylı beynəlxalq təşkilat Azərbaycan parlamentinin son qərarlarını qəti pisləyir


İPGA-logo
İPGA-logo

“Düzəlişlər tənqidə qadağa qoyulmasına yönəlib. Düzəlişlər repressiv ab-havaya baxmayaraq, etirazını davam etdirənləri susmağa məcbur etmək məqsədi güdür”

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu (IPGA) mayın 14-də ölkə parlamentinin qanunvericiliyə repressiv düzəlişləri qəbul etməsini qəti şəkildə pisləyir.
Düzəlişləri baş prokuror təqdim edib və bu, prezident seçkiləri ərəfəsində qəbul olunub. Bundan sonra böhtan və təhqirə görə ağır cərimələr onlayn-kontentə, o cümlədən sosial şəbəkələrə şamil ediləcək. Bundan əlavə, inzibati həbsin müddəti iki dəfə uzadılıb.

“Düzəlişlər tənqidə qadağa qoyulmasına yönəlib. Düzəlişlər repressiv ab-havaya baxmayaraq, etirazını davam etdirənləri susmağa məcbur etmək məqsədi güdür”, - İGPA-nın birgə bəyanatında deyilir.

“Diffamasiyaya görə cinayət təqibini cəmiyyətin daha geniş dairəsinə, o cümlədən onlayn ifadəyə şamil etməklə Azərbaycan hakimiyyəti İlham Əliyevin özünün də bəyan etdiyi islahatların keçirilməsi ilə bağlı öhdəliklərini pozur və beynəlxalq tendensiyaların əksinə hərəkət edir.

Eyni zamanda polis icazəsiz mitinqin təşkilinə və ya tabe olmamağa görə istənilən şəxsi inzibati qaydada saxlamaqda tam sərbəstdir.

Seçkilərə bir neçə ay qalmış hakimiyyət rejimi tənqid edənləri qorxutmaqda əvvəlkindən daha qətiyyətlidir. İfadə azadlığı üçün mühit gündən-günə pisləşir, jurnalistlər, blogerlər, müxalifət fəalları artmaqda olan təzyiqlərə məruz qalırlar. Bura repressiv qanunlar, həbslər, fiziki hücumlar, böhtan kampaniyaları daxildir.
Beynəlxalq birlik fikrin ifadə olunması azadlığı (o cümlədən İnternetdə) ilə bağlı öhdəliklərini Azərbaycana xatırlatmalıdır və hüquqi islahatları təmin etməlidir”, - bəyanatda bildirilir.

Sənəddə konkret qanunverici dəyişikliklər sadalanır, təhlil edilir və səbəb ola biləcəyi nəticələr göstərilir.

Bəyanatda jurnalistlərin, blogerlərin və fəalların hüquqlarının pozulması ilə bağlı konkret hallar qeyd olunur

Yuxarıda qeyd olunanları nəzərə alaraq İGPA Azərbaycan hakimiyyətini aşağıdakılara çağırır:

• söz azadlığına və dinc toplaşmaya, o cümlədən onlayn azadlığına hörmətlə yanaşmağa;

• böhtan və təhqirin dekriminallaşdırılması barədə öz vədlərinə hörmətlə yanaşma;

• icazəsiz toplaşmanın təşkilinə və ya keçirilməsinə görə cəza kimi inzibati saxlamanın ləğvi;

• narazıların cəzalandırılması üçün saxta cəza və ya inzibati işlərdən istifadə edilməsinə son qoyulması;

• KİV işçilərinin və blogerlərin təqib edilməsinə son qoyulması;

• Hilal Məmmədov, Əvəz Zeynallı, Zaur Qurbanlı və həbsdə olan digər jurnalistlərin, blogerlərin və fəalların azad edilməsi.

Bəyanatı Article 19; Freedom House; KİV-ə Beynəlxalq Dəstək, KİV Müxtəlifliyi İnstitutu, Norveç Helsinki Komitəsi, Beynəlxalq PEN-klub, Sərhədsiz Reportyorlar imzalayıblar.
XS
SM
MD
LG