Accessibility links

113 saylı məktəbin şagirdlərinin intiharı sirr olaraq qalır


Avqustun 9-da Bakının Kürdəxanı qəsəbəsindəki Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbin 15 yaşlı şagirdi Teymur Həsənli özünü asaraq intihar edib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğu araşdırma aparır.

Maraqlı məqam odur ki, bu, son üç ildə 113 saylı məktəbdə artıq 5-ci intihar halıdır. Belə ki, 2014-cü ilin sonu və 2015-ci illər ərzində məktəbin 4 şagirdi eyni üsulla-özlərini asmaqla intihar edib.

Bütün intihar halları ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb. Sonra bu cinayət işləri Bakı Şəhər Prokuroluğuna verilib və eyni icraatda birləşdirilib. Valideynlərin dediyinə görə, istintaq hələ də davam etdirilir.

Qeyd edək ki, intihar hadisələri həftənin şənbə günləri qeydə alınıb. Bir çox kənd sakini intiharların səbəbini yeniyetmə yaşlı uşaqların sevgi məcarələri ilə bağlayır. Bəzi sakinlər isə dini inanclarla bağlı olduğunu deyir.

Bütün bunlarla yanaşı, 113 saylı məktəbin şagirdlərinin intiharının səbəbi hələ də sirr olaraq qalır.

XS
SM
MD
LG