Accessibility links

Təcridxanada hüquq müdafiəçisinin qeydləri senzuradan keçirilir


vəkil Cavad Cavadov
vəkil Cavad Cavadov

Sentyabrın 9-da vəkillər Cavad Cavadov və Anar Qasımlı Kürdəxanı İstintaq Təcridxanasında “Hüquq Maarifçiliyi” Cəmiyyətinin sədri İntiqam Əliyevlə görüşüb.

Vəkil Cavadov Facebook səhifəsində yazır ki, həmişə olduğu kimi görüşdən əvvəl nəzarətçilər qanunsuzluğa yol verərək İntiqam Əliyevin şəxsi və vəkillərlə müzakirə üçün nəzərdə tutulmuş qeydləri, sənədlərini əlindən alaraq bir-bir oxuyub, senzuradan keçirərək bir hissəsini təcridxananın rəhbərliyinə göstərmək adı ilə götürüb qaytarmayıb.

Bu qanunsuzluğu həmin vaxt orada saxlanılan Rəşadət Axundovla görüşə gələn vəkil Elton Quliyev də görüb və nəzarətçilərə bunun yolverilməz olduğunu bildirib. Bu hal dəfələrlə təkrarlandığından vəkillər bu barədə akt tərtib ediblər.

Sənədi Elton Quliyev də imzalayıb.

“Praktika halına çevrilmiş bu qanun pozuntusunun aradan qaldırılması üçün məhkəməyə müraciət olunacaq”, vəkil C.Cavadov yazıb.

O, hüquq müdafiəçisi Leyla Yunusla da görüşdüyünü bildirib. L.Yunusun vəkillərlə birgə bəyanatı gözlənilir.

Bundan əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidməti İ.Əliyev və L.Yunusa təzyiqlər və onların saxlanma şəraitinin pis olması barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Penitensiar Xidmətin mətbuat xidməti bildirib ki, onların hər ikisinin saxlanma şəraiti qəbul olunmuş normalara uyğundur, - telefon danışığı, tibbi yardım, vəkillərlə görüş, gəzinti, sovqat və banderol almaq hüququndan tam istifadə edirlər.

XS
SM
MD
LG