Accessibility links

Dövlət Departamenti: Azərbaycanda ümumi investisiya mühiti yaxşılaşmaqda davam edir


“Əhəmiyyətli problemlərin qalmasına baxmayaraq, Azərbaycanda ümumi investisiya mühiti yaxşılaşmaqda davam edir. Azərbaycan hökuməti xarici sərmayələri cəlb etməyə, iqtisadiyyatını şaxələndirmək üçün islahatlar aparmağa və özəl sektorun artımını stimullaşdırmağa çalışır.”

Bu barədə ABŞ Dövlət Departamentinin "İnvestisiya mühiti haqqında bəyanatlar" adlı hesabatında deyilir.

Bununla belə Dövlət Departamenti hesab edir ki, Azərbaycan iqtisadiyyatı ixrac gəlirlərinin təxminən 88 faizini və dövlət büdcəsinin yarıdan çoxunu təşkil edən neft və qaz hasilatından ciddi şəkildə asılı olaraq qalır.

“Azərbaycan iqtisadiyyatı 2021-ci ildə əvvəlki illə müqayisədə 5,6% artıb (2020-ci ildə 4,3 faiz azalma olub). İqtisadiyyatın pandemiyadan sonra bərpası davam etdikcə iqtisadiyyatın həm neft-qaz (1,7%), həm də qeyri-neft və qaz (7,2%) sektorları genişlənib. Neft və qaz sektoru tarixən xarici investisiyaların ən böyük hissəsini cəlb etdiyi halda, Azərbaycan hökuməti iqtisadiyyatı şaxələndirmək üçün dörd qeyri-neft sektorunu hədəfləyib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat/logistika.”

Sənəddə deyilir ki, biznes mühitinin yaxşılaşdırılması və ümumi iqtisadiyyatda islahatların aparılması üçün son illərdə görülən tədbirlərə artıq sahibkarlıq lisenziyası kateqoriyalarının ləğvi, məşhur Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (ASAN) dövlət xidmət mərkəzlərinə lisenziyalaşdırma səlahiyyəti verilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, bəzi biznes yoxlamalarının dayandırılması və vergi rejiminin islahatı daxildir.

Hesabatda xatırladılır ki, Azərbaycanda COVID-19-un ictimai yayılması baş verib və COVID-19 infeksiyası ölkənin bütün bölgələrində mövcuddur. Azərbaycan Nazirlər Kabinetinin 2022-ci il fevral tarixli qərarına əsasən, xüsusi karantin rejimi 2022-ci il sentyabrın 1-dək uzadılıb. Maskalar artıq tələb olunmur. 2021-ci ildə Azərbaycanda COVID-19-un təsirinin azaldılması tədbirlərinə, o cümlədən peyvəndlərin alınması, tibb işçilərinə mükafatların ödənilməsi və modul tipli xəstəxanaların fəaliyyətinin dəstəklənməsi üçün dövlət büdcəsindən 800,8 milyon manat (471 milyon ABŞ dolları) vəsait ayrılıb.

Dövlət Departamenti hesab edir ki, biznes mühitinin açılması istiqamətində ciddi səylərə baxmayaraq, şaxələndirilmiş və rəqabət qabiliyyətli özəl sektorun yaradılması üçün tələb olunan struktur islahatları ləngiyir və korrupsiya Azərbaycanda fəaliyyət göstərən firmalar üçün əsas problem olaraq qalır.

“Hökumətlə əlaqəli şirkətlərin kiçik bir qrupu iqtisadiyyatda üstünlük təşkil edir, əqli mülkiyyət hüquqlarının müdafiəsi yaxşılaşır, lakin qeyri-kafi olaraq qalır və məhkəmə şəffaflığı yoxdur.”

Hesabatda deyilir ki, Azərbaycan qanunvericiliyinə əsasən, xarici sərmayələr tam və qeyd-şərtsiz hüquqi müdafiəyə malikdir və xüsusi hallar istisna olmaqla, milliləşdirilə və ya mənimsənilə bilməz.

“Özəl qurumlar sərbəst şəkildə sahibkarlıq subyektləri yarada, əldə edə və öz maraqlarına dair sərəncam verə bilərlər. Xarici vətəndaşlar, təşkilatlar və müəssisələr torpaq icarəyə götürə bilər, lakin mülkiyyət hüququna malik deyillər. Azərbaycan hökuməti qeyri-qanuni özgəninkiləşdirmə yolu ilə ABŞ vətəndaşları və ya qurumlarına qarşı heç bir ayrı-seçkilik nümunəsi göstərməyib. Birləşmiş Ştatlar və Azərbaycan arasında İkitərəfli İnvestisiya Müqaviləsi (BIT) ABŞ investorlarına İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzdən (ICSID) istifadə edərək investisiya mübahisələrini həll etmək üçün müraciət etmək imkanı verir. Beynəlxalq biznes mübahisələrini yerli məhkəmələr və ya mübahisələrin alternativ həlli yolu ilə həll etmək üçün tələb olunan orta vaxt geniş şəkildə dəyişir.”

Dövlət Departamenti bildirir ki, 2020-ci ilin payızında Dağlıq Qarabağ münaqişəsində intensiv döyüşlərə son qoyan Ermənistan, Azərbaycan və Rusiyanın üçtərəfli atəşkəs bəyanatı noyabr ayında açıqlandıqdan sonra Azərbaycan hökuməti əvvəllər Ermənistanın dəstəklədiyi separatçıların nəzarəti altında olan Dağlıq Qarabağ ətrafındakı ərazilərə cəlb etmək üçün yeni investisiyalar axtarır.

“Azərbaycanın 2022-ci il dövlət büdcəsində bu ərazilərin bərpası və yenidən qurulması üçün 2,2 milyard manat (1,3 milyard ABŞ dolları) vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsaitin mədəniyyət və tarixi abidələrin bərpası ilə yanaşı, yol infrastrukturunun, işıq, qaz, su, rabitə infrastrukturunun, təhsil və səhiyyə sahələrinin bərpasına yönəldiləcəyi bildirilir. Hökumət bu regionda yaşıl enerji layihələrini də həyata keçirir. Bu ərazilərin yenidən qurulması və köçürülməsi üçün nəzərdə tutulmuş xüsusi büdcə ayırmalarının davam etdirilməsi ilə yanaşı, yenidənqurma işlərinin növbəti illərdə davam etdirilməsi gözlənilir. Yenidənqurma işləri çərçivəsində bu ərazilərin minalardan təmizlənməsi Azərbaycan hökumətinin prioriteti olaraq qalır,” hesabatda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG