Accessibility links

Nazim Bəydəmirli: Qiymətlərin artırılmasının qarşısıalınmaz səbəbləri var [Video-Müsahibə]


Nazim Bəydəmirli: Qiymətlərin artırılmasının qarşısıalınmaz səbəbləri var
please wait

No media source currently available

0:00 0:07:26 0:00

Nazim Bəydəmirli: Qiymətlərin artırılmasının qarşısıalınmaz səbəbləri var

Milli Məclisin keçmiş deputatı Amerikanın Səsinə müsahibəsində qiymətlərin artmasının səbəblərindən danışıb

Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli Amerikanın Səsinə müsahibəsində qiymətlərin bahalaşmasının səbəbləri və vəziyyətdən çıxış yollarından danışıb.

Amerikanın Səsi:Bir çox ekspertlər ölkədə gündəlik tələbat mallarının artmasından xəbər verir. Sizin müşahidələr nə deyir?

Mən iki gün qabaq marketlərin birində olmuşam və gündəlik tələbat mallarının qiymətlərinin 10-30 faiz arasında dəyişməsinin şahidiyəm.

Nazim Bəydəmirli: Əslində bunun üçün böyük ekspert olmaq lazım deyil. Həftədə bir dəfə bazara, marketə baş çəkmək lazımdır ki, qiymət artımını müşahidə edə bilək. Demək olar ki, həftəlik artım baş verir. Hökumət hər hansı bir qərar qəbul etdikdə, deyək ki, idxalın məhdudlaşdırılması ilə bağlı, ya fiskal siyasətdə qiymətlə bağlı hər hansı bir dəyişiklik olmamış belə, bunun siqnalları gələn zaman bazardakı oyunçular buna reaksiya verir. Mən iki gün qabaq marketlərin birində olmuşam və gündəlik tələbat mallarının qiymətlərinin 10-30 faiz arasında dəyişməsinin şahidiyəm.

Amerikanın Səsi: Əsasən hansı malların qiymətləri artıb?

Nazim Bəydəmirli: Gündəlik tələbat malları dedikdə, təbii ki, yağ, pendir, süd məmulatları, makaron məmulatları, gündəlik aldığımız məhsullardır. Hətta salfetkadan tutmuş, daxildə istehsal olunan məhsullar belə bahalaşıb.

Amerikanın Səsi: Qiymətlərin artımına təkan verən amillər nədir? Qiymətlərin artması dolların bahalaşması, iqtisadi-maliyyə böhranı, xarici bazarlarda qiymətlərin dəyişməsi, idxalda monopoliya və ya siyasi risklərin artması kimi faktorlardan daha çox hansı ilə bağlıdır?

Bu şirkətlər, topdansatış şirkətləri gətirdikləri məhsulların sonradan invoyslarını dəyişirlər və dövlət büdcəsindən əsas olaraq idxaldan olan əlavə dəyər vergisi yayındırılır.

Nazim Bəydəmirli: Mən hesab edirəm ki, sadaladığınız faktorlardan bir qismi var. Buna kompleks səbəblər demək mümkündür. Əsas da idxalda monopoliyadır. Cənab prezident keçən il idxal və ixrac əməliyyatlarında monopoliyanın götürülməsi haqqında tapşırıq verdi. Müxtəlif broker şirkətləri gömrük orqanlarının əhatəsindən çıxarılmasına baxmayaraq, müxtəlif şirkətlər adında yenə də idxal monopoliyası mövcuddur. Çünki ölkəyə məhsul idxal edən bir çox şirkətlər var ki, bu şirkətlər birbaşa qiyməti tənzimləyir, yəni öz xeyirlərinə tənzimləyirlər. Belə şirkətlər çoxdur. Deyək ki, rəsmi olaraq brokerlər fəaliyyət göstərməsə də, qanunvericilikdə buna bir qadağa da yoxdur, ancaq, dediyim kimi, sahibkar artıq brokerin yanına getməsə də belə, elə qarşısıalınmaz səbəblər var ki, o qiyməti artırmağa məcburdur. Yəni rüsumlar qalxıb, qeyri-rəsmi ödənişlər yenə də qalmaqdadır. Bu şirkətlər, topdansatış şirkətləri gətirdikləri məhsulların sonradan invoyslarını (qaimə-red) dəyişirlər və dövlət büdcəsindən əsas olaraq idxaldan olan əlavə dəyər vergisi yayındırılır. Güzgü statistikası ilə sübut olunub ki, Gürcüstandan, Rusiyadan, Türkiyədən daxil olan məhsulların (idxal olunan) statistikasını tutuşdurduqda kifayət qədər astronomik rəqəmlər var. Ona görə, 2017-ci il büdcə proqnozlarında belə, hətta 2016-cı ildə Gömrük Komitəsi vasitəsi ilə 30 faiz artımın, yəni iqtisadi daralma olan ölkədə rüsum və vergi dərəcələri artmayıbsa, - sual yaranır ki, gömrük orqanı nə cür proqnoz göstəricilərini 30 faiz artıq ödəyib? Bu o deməkdir ki, əvvəlki illərdə dövlət büdcəsindən yayındırdığı məbləğlərin bir hissəsi, təbii ki, indi dövlət büdcəsinə ödənildilməyə məcbur edilir.

Amerikanın Səsi: Amma, bununla yanaşı daşınmaz əmlakın və digər bir sıra məhsul və xidmətlərin qiymətlərində enmə də müşahidə edilir? Bu hansı amillərlə bağlıdır?

O əlavə vəsaitlər yenə daşınmaz əmlaka yönədilir. Bu baxımdan, periodik olaraq qiymət düşə də, qalxa da bilər. Ancaq, bu bazar çox da dinamik deyil.

Nazim Bəydəmirli: Bəzi sahələrdə rəqabət güclənir. Deyək, taksi xidmətlərində, siz də, biz də müşahidə edirik. Bu yeni şirkətlərin deyək ki, elektron informasiya bazaları üzərindən xidmət göstərən şirkətlərin işdən sonra və işə gedən vaxtı müxtəlif şəxslərin bu sistemə qoşularaq şəxsi avtomobilləri vasitəsi ilə daşıma xidmətləri həyata keçirmələri, taksi qiymətlərini aşağı endirməyə məcbur edir, həm də rəqabətdir. Bunu rəqabətlə bağlayıram. Daşınmaz əmlakın qiymətləri vaxtı ilə çox yüksək idi. Real qiymətlər deyildi. Çünki, neftdən gələn vəsaitlərə, o cümlədən investisiyaya yönələn vəsaitlərə qiymətli kağızlar bazarı olmadığına görə altenativ yox idi. Vətəndaşlar ya pullarını banklara depozit şəklində qoymalı idilər, ya daşınmaz əmlak almalı idilər. Bu daşınmaz əmlakın, torpaq sahələrinin qiymətini çox yuxarı qaldırmışdı. İndi onlar bir az real qiymətə yaxınlaşır. Bankların idarəetmə riskləri artdığına, bir neçə bank bağlandığına, lisenziyaları geri alındığına görə vətəndaşlar artıq banklara etibar etmirlər. O əlavə vəsaitlər yenə daşınmaz əmlaka yönədilir. Bu baxımdan, periodik olaraq qiymət düşə də, qalxa da bilər. Ancaq, bu bazar çox da dinamik deyil.

Amerikanın Səsi: Vəziyyətdən çıxış üçün nə edilməlidir?

Dövlət qurumları biznes fəaliyyəti ilə məşğul olur. Bazar iqtisadiyyatında bu yolverilməzdir.

Nazim Bəydəmirli: Təbii ki, islahatları dərinləşdirmək lazımdır. Cənab prezident keçən ildən başlayaraq müxtəlif islahatların anonsunu verib. Bir çox qurumlar yenidən yaradılıb. Bir çox qurumlar birləşdirilir. Ancaq, mən hesab edirəm ki, dərin islahat deyəndə Nazirlər Kabinetinə daxil olan qurumlar, bir-birinin funksiyasını təkrar edən qurumlar azaldılmalıdır. Mən dəfələrlə demişəm, fiskal siyasəti həyata keçirən Vergilər Nazirliyidir. Ancaq, eyni zamanda idxal vergisindən əlavə dəyər vergisini Gömrük Komitəsi toplayır. İdxalla məşğul olan sahibkarlar gələcəkdə onu əvəzləşdirə bilmirlər. Belə bir problem yaşanır. Bunu da sonradan “supermarketlər qiymətləri niyə bu qədər şişirdir? - sosial şəbəkələrdə müraciətlərə səbəb olur. Səbəblərdən biri budur. Bir-birini təkrar edən qurumlar var. O cümlədən, yeni yaradılan qurumlar var ki, hansı ki, iqtisadiyyata müdaxilə edilir. Dövlət tərəfindən iqtisadiyyatla məşğul olmaq tendensiyası artır. Bir rəqəmi deyim ki, 2017-ci ilin büdcə proqnozlarında göstərilir ki, büdcədən kənar fondlardan, deyək ki, nazirliklərdən və komitələrdən ödənişli əsaslarla yığılan vəsait bütün ölkə üzrə sadələşdirilmiş vergidən yüksəkdir. Bu o deməkdir ki, 450 mindən yuxarı sadələşdirilmiş vergi ödəyicisinin toplam dövlət büdcəsinə vedriyi vəsait, nazirliklərin, komitələrin ödənişli əsasla verdiyi xidmətdən aşağıdır. Bu onun göstəricisidir ki, dövlət qurumları biznes fəaliyyəti ilə məşğul olur. Bazar iqtisadiyyatında bu yolverilməzdir. Hesab edirəm ki, bu islahatlar aparılmalıdır. Dövlət orqanları dövlət siyasətini müəyyənləşdirməlidir, biznes isə öz fəaliyyəti ilə, Azərbaycan büdcəsini doldurmaqla məşğul olmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG