Accessibility links

Məhəmməd Talıblı: Yol xəritəsini həyata keçirmək üçün ciddi islahatlar lazımdır [Video-müsahibə]


Məhəmməd Talıblı: Yol xəritəsini həyata keçirmək üçün ciddi islahatlar lazımdır
please wait

No media source currently available

0:00 0:06:36 0:00

Məhəmməd Talıblı: Yol xəritəsini həyata keçirmək üçün ciddi islahatlar lazımdır

İqtisadçı ekspert iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsindən danışıb

İqtisadçı ekspert Məhəmməd Talıblı Amerikanın Səsinə müsahibəsində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin əsas istiqamətləri” sənədinin həyata keçiriləcəyini real saymır.

Amerikanın Səsi: Azərbaycan prezidenti “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin əsas istiqamətləri” adlı sənəd imzalayıb. Yol xəritəsinin əsas prioritetləri kimi nəyi qeyd edə bilərsiniz?

Məhəmməd Talıblı: Təbii ki, bu sənəd əvvəlki sənədlərdən həm üslub baxımından, həm konseptual istiqamətlər baxımından daha fərqli bir sənəd kimi qiymətləndirilə bilər. Hiss olunur ki, bu sənəd üzərində hansısa bir ekspert qrupu, beyin mərkəzləri çalışıb. Mümkün qədər ona çalışılıb ki, daha çox istiqamətlər əlaqələndirilsin. Eyni zamanda, sənədi əsasən üç istiqamət üzrə qruplaşdırmaq olar. Birinci, - giriş hissəsində Azərbaycanın iqtisadiyyatının daha çox retrospektiv təhlili, yaxın və mövcud durumun qiymətləndirilməsi əksini tapıb. Ondan çıxış edərək növbəti illər proqnozlaşdırılır, görüləcək işlər planlaşdırılır. Burada xüsusilə qeyd etmək olar ki, 2020-2025 və 2030-cu illərə qədər görüləcək işlər nəzərdə tutulur. Sənədin 3-cü mühüm hissəsi əsasən strateji hədəf adlanır, burada da dörd istiqamət qruplaşdırılıb. Bu istiqamətlər üzrə Azərbaycanın iqtisadi siyasəti inkişaf etdiriləcək. Bunların hər biri üzrə təhlil aparmaq mümkündür. Birinci istiqamət fiskal dayanıqlığın təmin olunması, monetar siyasətlə bağlı bölmədir. İkinci bölmə özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrin idarə olunması ilə bağlıdır. Üçüncü bölmə insan inkişafını nəzərdə tutur. Dördüncü istiqamət biznes mühitinin yaxşılaşdırılmasını özündə ehtiva edir.

Amerikanın Səsi: Sənədi antiböhran sənədi kimi qəbul etmək olarmı? Sənədin həyata keçirilməsi yaxın illərdə Azərbaycan iqtisadiyyatını və maliyyə-bank sektorunu böhrandan çıxarmaq üçün bəs edəcəkmi?

Məhəmməd Talıblı: Mənə elə gəlir, bu sənədi antiböhran sənədi hesab etmək olmaz. Çünki antiböhran sənədi yaxın dövrləri əhatə edir, eyni zamanda konkret tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu isə uzunmüddətli dövrü hədəfləyən bir sənəddir. Burada strateji hədəflər, eyni zamanda strateji istiqamətlər mövcuddur, zaman kəsiyi ifadə olunur. Bu sənəd sadəcə Azərbaycanın növbəti 10-15 il ərzində həyata keçirilməsi vacib olan iqtisadi problemlərini özündə əks etdirir. Yaxın bir-iki il ərzində sənədin həm nəzəri istiqamətdən, həm də praktiki tətbiqi haqqında konkret heç bir gözləntilər ola bilməz.

Amerikanın Səsi: Yol xəritəsini həyata keçirmək üçün 27 milyard manat nəzərdə tutulub. İndi devalvasiya nəticəsində yəqin ki, bu rəqəm yenə dəyişib. Bu vəsait sənədin həyata keçirilməsinə bəs edəcəkmi?

Məhəmməd Talıblı: Burada vəsaitin mənbəyi müxtəlif ola bilər. Xüsusilə də müxtəlif beynəlxalq maliyyə qurumlarına müraciətdən tutmuş, büdcədən kənar fondların dəstəyi tələb olunur. Amma, hər halda əsas ciddi məsələ məhz vəsaitin kənardan cəlb olunmasına hesablanıb. Nəzərə alaq ki, beynəlxalq maliyyə qurumları, Dünya Bankına daxil olan banklar qrupu ilə bağlı intensiv danışıqlar gedir və bunların indiyədək, Asiya İnkişaf Bankı istisna olmaqla, heç bir müsbət nəticəsi olmayıb. Beynəlxalq maliyyə qurumlarıının Azərbaycana kredit verəcəyi ilə bağlı heç bir razılıq əldə edilməyib. Bu da göstərir ki, hansısa bir sənədin, strateji yol xəritəsinin hazırlanması hələ azdır. Eyni zamanada, ölkədə investisiya cəlbi, kredit cəlbi, investisiyanın artması üçün institusional istiqamətlər üzrə çox ciddi islahatlar həyata keçirmək lazımdır. Bu sadəcə olaraq sözlə, çağırışla baş verən bir məsələ deyil. Ona görə də real məzmunlu islahatlar və inteqrasiya baş verməlidir. Əgər belə olmasa təbii ki, maliyyə mənbələrinin əldə ediləcəyinə çox pessimist baxıram.

Amerikanın Səsi: Hökumətin yeni strategiyası infrastruktur dəyişikliklərinə necə təkan verə bilər? Yeni iş yerlərinin açılması və əhalinin gəlirlərinin artması üçün yeni nə vədlər verilir?

Məhəmməd Talıblı: Həmin strateji sənəddə istiqamətlərdən biri də infrastrukurla bağlıdır. Amma nəzərə alaq ki, 2004-2104-cü illərdə Neft Fondunun əldə etdiyi ümumi vəsaitlər 90 milyard dolların üzərində olub. Həmin 90 milyardlıq vəsaitin 92 faizi yalnız dövlət büdcəsinə transfer edilib. Yerdə qalan 8 faizi Neft Fondu müxtəlif layihələrə yönəldib. Burada əhəmiyyətli bir hissə dövlət büdcəsi vasitəsi ilə xərclənib. Dövlət büdcəsinin isə hər 100 manatından 30 manatı investisiya (tikinti, təmir, infrastruktur) xərclərinə ödənilib. Bütün bunlar onu göstərir ki, bu qədər infrastruktura vəsait yönəldəndən sonra hələ də biznesin inkişafına ehtiyac var. Bu göstərir ki, Azərbaycan vətəndaşlarının ümumiyyətlə neft gəlirlərindən gözləntiləri daha çox sosial gözləntilər deyil. Biz neftdən əldə olunmuş gəlirləri infrastruktur layihələrinə xərclənməsini daha çox təşviq edirik, bu istiqamətdə tədbirlər həyata keçiririk. Bu da Azərbaycan vətəndaşlarının neft gəlirlərindən faydalana bilməməsinin göstəricisidir. Ən maraqlı tərəfi odur ki, həm də bu dinamika sənddə illər üzrə artırılması lazım olan bir kurs kimi götürülüb. Halbuki hökumətin bu gün həyata keçirmək istədiyi siyasət məhz sosial siyasətin effektiv olması olmalı idi. Amma, yenə infrastruktur layihələrinin yenidən maliyyələşdirilməsi ilə bağlı mənbələr axtarırıqsa, bu o deməkdir ki, həm də gələcək nəsillərin ağır borc yükü altına girilməsinə çalışılır.

XS
SM
MD
LG