Accessibility links

Qubad İbadoğlu: İlin sonunda valyuta bazarında gərginlik gözləyirik [Video-müsahibə]


İqtisad elmləri doktoru Amerikanın Səsinə müsahibəsində iqtisadiyyat və maliyyə bazarından danışıb

İqtisad elmləri doktoru Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində ölkə iqtisadiyyatında və maliyyə bazarında son durumdan danışıb.

Amerikanın Səsi: Ölkə iqtisadiyyatında hazırda tendensiya necədir? Höklumət iqtisadiyyatın inkişaf etdiyini bildirsə də müxalifət iqtisadiyyatın çöküşündən danışır. Siz necə düşünürsünüz?

Azərbaycan iqtisadiyyatı miqyas baxımından kiçilmək durumundadır. Bu davamlı olaraq artıq illərdir ki, müşahidə olunur.

Qubad İbadoğlu: Azərbaycan iqtisadiyyatı artıq bir neçə ildir ki, kiçilir. Bu kiçilmənin əsas xarakterizə edən göstəriciləri milli gəlirin azalmasıdır, adambaşına düşən milli gəlirin səviyyəsinin aşağı düşməsidir. Büdcənin həm xərclərinin, həm də gəlir hissəsinin əvvəlki illərlə müqayisədə xeyli kiçilməsindən söhbət gedir. Bütövlükdə götürəndə Azərbaycan iqtisadiyyatı miqyas baxımından kiçilmək durumundadır. Bu davamlı olaraq artıq illərdir ki, müşahidə olunur. Azərbaycan iqtisadiyyatında başqa bir tendensiya (bu çox əhəmiyyətli bir məsələdir), - artıq ikinci ildir ki, ölkədə ikirəqəmli infilyasiyanın mövcud olması tendensiyası var. Bu o deməkdir ki, istehlakçıların xərcləri durmadan davamlı şəkildə artır. Başqa bir tendensiya, hansı ki, diqqəti cəlb edir, (bu da çox əhəmiyyətli məsələdir) iqtisadiyyatın kiçilməsini təmin edən əsas məqamlardan biridir. Çünki, ümumdaxili məhsulun tənəzzülü artıq ikinci ildir ki, müşahidə edilməkdədir. Yəni əvvəlki ildən sonra gözlənilirdi ki, bu il müəyyən bir iqtisadi artım olacaq, pozitiv dəyişiklik olacaq. Amma, təəssüflər olsun ki, bu ilin birinci yarısında iqtisadiyyat daha 1,3 faiz kiçilib. Yəni, əsas qərarlaşmış tendensiyaları bütövlükdə götürəndə sosial vəziyyətə təsir göstərir. İlk növbədə hesab edirəm ki, iş yerlərinin bağlanması, işsizliyin artması bu gün iqtisadiyyatda diqqəti cəlb edən əsas məsələlərdən biridir. Bu əhalinin, istehlakçıların davranışına təsir göstərir. Böyük alış-verişlər demək olar ki, dayanıb. Əvvəlki kimi daha çox mebel satan sahibkara rast gəlmək mümkün deyil. Avtomobillərin idxalı aşağı düşüb. Bahalı avtomobillərin ölkəyə gətirilməsi daha böyük xərc tələb edir. Eyni zamanda, əhalinin əsas istehlak xərcləri demək olar ki, ərzaq məhsullarının alışından ibarət olub. Bu da ailə büdcəsinin strukturunda,isehlakçıların davranışlarında dəyişikliklərə gətirib çıxarıb. Yığımlar azalıb. Əmanətlərin həcmi əvvəlki illə müqayisədə bu ilin altı ayında 9,5 faiz aşağı düşüb. Bu tendensiya ötən ildən başlayıb. Kredit qoyuluşları aşağı düşməkdədır. İşgüzar aktivlik pişləşir, iqtisadiyyatda əsaslı kapital qoyuluşunun da iki ildir azalmasını müşahidə edirik.

Amerikanın Səsi: Benzinin qiymətinin qaldırılması digər mal və ximdətlərin qiymətlərinə necə təsir edib?

Kənd təsərrüfatı mövsümü başa çatandan sonra dizel yanacağı və digər neft məhsullarının qiymətinin bahalaşmasının şahidi olacağıq.

Qubad İbadoğlu: İnidki vəziyyətdə bu qiymət artımının təsir imkanlarını dəyərləndirmək, eyni zamanda, təsir dərcəsini ölçmək o qədər də asan deyil. Çünki, benzinin qiymətinin bahalaşmasından cəmi 15 gün keçib. Hesab edirəm ki, qiymət bahalaşması öz-özlüyündə üç fazada digər qiymətlərə təsir göstərmək imkanlarına malikdir. Birinci, benzin və digər neft məhsullarının, yəni bir növ alternativ məhsulların qiymətinin bahalaşması, - yəqin ki, bu hələ baş verməyib, - amma kənd təsərrüfatı mövsümü başa çatandan sonra dizel yanacağı və digər neft məhsullarının qiymətinin bahalaşmasının şahidi olacağıq. İkinic fazada benizn və digər neft məhsullarını əsas məsrəf elementi kimi istifadə edən xidmət və istehsal sektorunda qiymətin bahalaşması olacaq. Yəni, bu da daha çox nəqliyyatda sərnişin, yük daşınması və digər istiqamətlərdə məsrəflərin artması, əlavə xərclərin yaranaması, qiymət artmasına gətirib çıxarır. Eyni zamanda, xidmətlərin göstərilməsi, - taksi və digər məsələlərlə əlaqədar xidmətlərin göstərilməsində bahalaşma müşahidə olunur. Amma, əsas bahalaşmanın təsir imkanları, - bazarların qarşılıqlı fəlaiyyəti qanununa əsasən, - digər bazarlarda da müşahidə edilməkdədir. Ərzaq məhsullarının, meyvə-tərəvəz məhsullarının (baxmayaraq ki, mövsüm dövrüdür) qiymətləri hələ biz gözlədiyimiz səviyyədə ucuzlaşmayıb. Əksinə, bu ilin qiymətləri əvvəlki ilin qiymətləri ilə müqayisədə daha yüksəkdir. İnfilyasiya faizinin də benzinin qiyməti bahalaşmamışdan əvvəl 13, 9 faiz olmasının (baxmayarq ki, biz o rəqəmlə razılaşmırıq) özü də yüksək göstəricidir. Hesab edirəm ki, bu daha çox həm də ərzaq məhsullarının qiymətində maddiləşəcək.

Amerikanın Səsi: Valyuta bazarındakı mövcud durum iqtisadiyyata necə təsir edir? Hökumət maliyyə bazarında sabitliyin yaranması ilə bağlı uçot dərəcəsini dəyişməyib. Siz necə düşünürsünüz?

Xarici ticarət dövrüyyəsində 1,8 milyard dollarlıq müsbət saldo yaranıb.

Qubad İbadoğlu: Sabitlik var. Yəni, bu nisbi sabitlik adlandırıla bilər. Dayanıqlı sabitlikdən danışmaq hələ tezdir. Bu qısa bir müddətdə müşahidə olunur. Sabitliyi yaradan əsas amillərdən biri ondan ibarətdir ki, dünya bazarında neftin qiyməti bu ilin altı ayında əvvəlki ilin altı ayı ilə müqayisədə nisbətən yüksək olub. Eyni zamanda, Azərbaycanın ixracatının həcmində biz ciddi azalmanı müşahidə etmədik. Bütövlükdə götürəndə xarici ticarət dövrüyyəsində 1,8 milyard dollarlıq müsbət saldo yaranıb. Müsbət saldonun yaranması həm də imkan verib ki, tədiyyə balansının cari hesablar planında da əvvəlki illə müqayisədə daha çox müsbət saldo əldə edək. Bu da əhəmiyyətli məsələlərdən biridir. Təbii ki, inkar olunmur ki, turizmi sektorunda canlanma var. Ölkəyə turistlərin gəlməsi və onların ölkənin daxili bazarında vəsait xərcləməsi də valyuta bazarında müəyyən sabitləşdirici elementlərdən sayıla bilər. Amma, bütövlükdə götürəndə bu davamlı və dayanıqlı deyil. Çünki, bir tərəfdən valyuta bazarında təklif istiqamətində müəyəyn müsbət pozitiv dəyişikliklər var. Amma, tələb baxımından əksinə, işlər neqativdir. Tələb nədən ibarətdir? Dövlətin, şirkətlərin, bankların borcları artır. Bu baxımdan da demək olar ki, ilin sonunda yenə də valyuta bazarında gərginlik gözləyirik.

Amerikanın Səsi: İqtisadiyyatda və maliyyə bazarında durumun yaxşılaşdırılması üçün hansı addımlar atılmalıdır?

Qanunun, hüququn aliliyi olmalıdır, eyni zamanda ən vacib məslələrdən biri ölkdə hüquq və məhkəmə sisteminin müsatəqilliyi olmalıdır. Bununla biz iqtisadiyyatda dəyişiklikləri praktiki müstəvidə təmin edə bilərik.

Qubad İbadoğlu: Bir sıra qərarlar verilib. “Strateji Yol Xəritəsi” qəbul edilib. Eyni zamanda, yeni-yeni fərmanlar imzalanıb. Düşünürəm ki, bu sənədlərdə kifayət qədər rassional ideyalar var. Sadəcə olaraq, bu günləri Azərbaycanda onların reallaşması istiqamətində problemlər var. Məsələn, Maliyyə Şurasına tapşırılıb ki, Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin yuxarı həddini tənzimləmək üçün altı ay ərzində fiskal qaydalar hazırlansın, prezident onu tətbiq üçün imzalamalıdır. Artıq ona hüquqi qüvvə verilməlidir. Amma, bundan altı ay müddət keçib hələ də ortada sənəd yoxdur. Məsələn, icazələrlə bağlı portal yaradılmalıdır, o da yoxdur. Qeyd etmək istəyirəm ki, bu gün əsas məslərədən biri fərmanların, qərarların həyata keçirilməsi istiqamətində tənzimləyici orqanların və məsuliyyətli orqanların, müəyyən səlahiyyət sahibi olan dövlət təşkilatlarının öz vəzifələrini düzgün, vaxtında yerinə yetirmələrindən ibarətdir. Bunun üçün də, qanunun, hüququn aliliyi olmalıdır, eyni zamanda ən vacib məslələrdən biri ölkdə hüquq və məhkəmə sisteminin müsatəqilliyi olmalıdır. Bununla biz iqtisadiyyatda dəyişiklikləri praktiki müstəvidə təmin edə bilərik.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG