Bu ilin birinci rübündə Azərbaycanda illik inflyasiya 4% təşkil edib. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu dövrdə ərzaq məhsullarının qiymətləri 4,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 4,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,9 faiz bahalaşıb.
Bu göstəricinin dəqiq necə əldə edildiyini deyə bilmərəm.
Məlumatda deyilir ki, 2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 4,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,9 faiz bahalaşıb.
Cari ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.
Ay ərzində qoyun ətinin, zeytun və marqarin yağlarının, portağalın, naringinin, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, şabalıdın, göyərtinin, pomidorun, xiyarın, soğanın, kartofun, qəhvə, çay və kakaonun qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və toyuq ətinin, yumurtanın, kərə və qarğıdalı yağlarının, yerkökünün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmir və kirayə xidmətinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin (MDB ölkələri istisna olmaqla), ölkədən kənara istirahət turlarının, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətinin qiymətlərində bahalaşma, MDB ölkələrinə hava və dəmiryol nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
İqtisadçı ekspert Toğrul Maşallı Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycan Statistika Komitəsinin inflayisa ilə bağlı rəqəmləri reallığa uyğun deyil.
“Ona görə ki, keçən il inflyasiya səviyyəsi təxminən 13,9 faiz, çox yuxarı səviyyədə idi. O zaman Mərkəzi Bank və digər maliyyə qurumları elan etdilər ki, bizdə inflyasiya gələn ilə 6-8 faizdən yuxarı çıxmayacaq. Bununla bağlı dərhal il başlayan kimi, yanvardan etibarən inflyasiya səviyyəsi birdən-birə 5 faizə düşdü. Artıq gördük ki, 4-4,5 faiz arasında inflyasiya səviyyəsidir. Bu göstəricinin dəqiq necə əldə edildiyini deyə bilmərəm".
Ekspert deyir ki, bu ilki göstəricilər arasında bir çox real, insanlara lazım olan ərzaq məhsulların qiymətinin qalxdığı görünür.
"Bəzi sənaye məhsullarının, aktiv istifadə olunmayan məhsulların qiyməti aşağı düşür deyə bunlar ola bilər statistik olaraq hesablayıblar və nəticədə nisbətən aşağı infilyasiya faizi çıxıb. Amma mənim fikrimcə inflyasiya səviyyəsi bundan bir qədər yüksəkdir. İkinci səbəb odur ki, ölkədə bu dəqiqə iqtisadi durğunluqdur deyə heç nə baş vermir. Heç bir dəyişiklik alınmır və insnaların xərcləri dayanıb. Ona görə də qiymətlər o qədər də ciddi artmır. Yəni mövsümi faktordur. Yəni ilin ortasında ola bilsin ki, yenə də qayıtsın eyni səviyyəyə”, Toğrul Maşallı deyib.
Reallığa uyğun olaraq müqayisə etsək, ötən ilin dekabrında infilyasiya ən azı 7,8 faiz civarında olmalıdır.
Ekspert bildirib ki, inflyasiyanı müqayisə edərkən onlar bir illik münasibəti götürür.
“Reallığa uyğun olaraq müqayisə etsək, ötən ilin dekabrında infilyasiya ən azı 7,8 faiz civarında olmalıdır. Təxminən indiki göstəricidən 2 dəfə yüksəkdir. Bu il Novruz bayramında bir çox malların qiymətləri mövsümü olaraq qalxdı və sonradan enməyə başladı. Amma bir çox malların qiymətləri real qiymətlərdən iki dəfə bahadır. Orta olaraq, təxmini deyə bilərəm ki, hazırda infilyasiya 8-10 faiz ətrafındadır", Toğrul Maşallı qeyd edib.