Accessibility links

Nazirlər Kabineti mobil cihazların qeydiyyata alınması ilə bağlı dövlət rüsumunu artırdı- (Ekspert rəyləri)


NK Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğlərini təsdiq edib

Nazirlər Kabineti "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri"ni təsdiq edib.

Qərara görə Azərbaycanda fiziki şəxsin xaricdən gətirdiyi mobil telefonun Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində qeydiyyat rüsumu aparatın xüsusiyyətlərindən asılı olaraq 5 manatdan 30-150 manata qədər bahalaşdırılıb. Nazirlər Kabinetinin yeni rüsumlar haqqında qərarı iyulun 31-də dərc edilib. Qeydiyyatdan keçirilməyən yeni telefon şəbəkədən ayrılır.

Belə ki, bundan sonra foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.

Cihazın bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda rüsum 30, 200-ə qədər olduqda isə 50 manat müəyyən edilib.

Onun bazar qiyməti 201-400 dollar arası olduqda 60, 700 dollara qədər olduqda 70, 1000 dollar olduqda 100, 1001 dollardan yuxarı olduqda isə 150 manat rüsum ödəniləcək.

Bundan əvvəl isə bazar qiymətindən asılı olmayaraq, bütün mobil cihazların qeydiyyata alınmasına görə 5 manat dövlət rüsumu ödənilirdi.

Nazirlər Kabinetinin qərarını şərh edən «Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, bu bahalanma ilə bağlı qərar layihəsini hazırlayan məmurlar Azərbaycanda telefon satışından faydalanan qrupun lobbiçiliyini həyata keçiriblər.

"Təcili fikir bildirməyi lazım bilirəm, Nazirlər Kabinetinin qərarını normal məntiqə sığmayan biabırçılıq adlandırıram", deyə ekspert reaksiya verib.

Ekspert hesab edir ki, rüsumlar haqqında qərarın təşəbbüsünü irəli sürən və onu qəbul edən Nazirlər Kabineti prezidentin innovasiyaların stimullaşdırılmasından və elektron cəmiyyətin inkişafından ibarət olan siyasətinə qarşı çıxır.

Öz növbəsində ictimai xadim, hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanda XXI əsrdə tərəqqinin, informasiya texnologiyalarının inkişafının qeydinə qalınmadığına, cəfəng və əsassız qərarlarla qazanc əldə etməyə çalışıldığına təəccüb edir. O, hökumətin qərarını reqressiv hesab edir.

“Onu ləğv etmək, ideyanın təşəbbüskarlarını isə təcili məsuliyyətə cəlb etmək lazımdır" - deyə, o bildirib.

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, məqsəd bu sahədə də tam inhisarçılığın yaradılması, fiziki şəxslərin telefon gətirməsinin qarşısının alınması, böyük şirkətlər üçün yolun təmizlənməsidir.

XS
SM
MD
LG