Accessibility links

İranın xarici işlər naziri: Nüvə sazişinin bərpası üzrə danışıqlarda razılaşma əldə etməyə yaxınıq


İranın xarici işlər naziri Vyana danışıqlarında irəliləyiş sürətinə işarə edərək, 2015-ci il nüvə sazişinin canlandırılmasına dair razılaşmanın “yaxın olduğunu” deyib.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian fevralın 14-də Tehranda irlandiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib ki, İran JCPOA-nın (Birgə Hərtərəfli Fəaliyyət Planı-Joint Comprehensive Plan of Action) bərpası üçün ilk şərt olaraq sanksiyaların ləğvində israr etməkdə davam edir.

"Məqsədimiz qurumun bütün sanksiyalarının tamamilə aradan qaldırılmasıdır. İslam respublikasının sabah deyil, bu gün razılığa gəlməsi daha yaxşıdır" – deyə, Amir-Abdullahian bildirib.

O həmçinin deyib ki, İran tərəfi Britaniya, Çin, Fransa, Almaniya, İran və Rusiyanın nümayəndələrinin birbaşa, ABŞ-ın isə dolayısı ilə iştirak etdiyi danışıqlarda “ciddidir və yaxşı razılaşma əldə etməyə hazırdır”.

İrlandiyanın müdafiə və xarici işlər naziri Saymon Koveni də müsbət əlamətlər gördüyünü deyib.

“Mən inanıram ki, JCPOA-nın digər tərəfləri, xüsusən də Qərb ölkələri bu işə dərindən sadiqdirlər” – deyə, Koveni mətbuat konfransında jurnalistlərə bildirib.

İrlandiya BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə JCPOA-nı təsdiqləmək üçün razılaşdırılmış qətnaməsinin koordinatoru kimi çıxış edir.

Koveni onun bərpasının İrana qarşı sanksiyaların tez bir zamanda aradan qaldırılmasını təmin edə biləcəyini əlavə edərək deyib ki, "bir vasitəçi olaraq, İrlandiya bu prosesə bacardığımız qədər kömək etməyi və bütün tərəflərə bu müzakirəni irəli aparmağa yardım etməyi hədəfləyir".

Rusiya Xarici İşlər Nazirliyindən TASS-a verilən məlumata görə, fevralın 14-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əmir-Abdullahian ilə danışıb və onlar İranın nüvə sazişinin bərpasında “məqbul irəliləyiş” olduğunu qeyd ediblər.

Lakin Koveni ilə də görüşən İran prezidenti İbrahim Rəisi sanksiyaların "həqiqətən ləğv edilməsi" və davam edən danışıqlarda "İran xalqının hüquqlarına hörmət edilməsi"ndə təkid edib.

Vaşinqton keçən həftə Tehrana xəbərdarlıq etmişdi ki, sazişi bərpa etmək üçün vaxt tükənir və həftələr ərzində razılaşma əldə olunmazsa, İranın mühüm razılaşmaya qayıtmasının mümkün olmayacağını bildirib.

XS
SM
MD
LG