Accessibility links

İran Əmininin ölümü ilə bağlı xəbəri yayan iki qadın jurnalistə qarşı ittiham irəli sürüb


İranın ədliyyə sistemi faciədən qaynaqlanan iğtişaşların və müxalif fikirlərə qarşı basqıların davam etdiyi bir vaxt Məhsa Əmininin ölümü ilə bağlı xəbərlər hazırlayan iki qadın jurnalisti təbliğat cinayətlərində ittiham edib.

Ədliyyə Nazirliyinin sözçüsü Məsud Setayeşi noyabrın 8-də jurnalistlərə bildirib ki, Nilufər Hamidi və İlahə Məhəmmədi milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək və dövlət əleyhinə təbliğat aparmaq niyyəti ilə əlbir olmaqda ittiham olunur.

Nilufər Həmidi baş örtüyünü düzgün örtmədiyinə görə polis nəzarətində olan zaman komaya düşən Məhsa Əminin valideynlərinin Tehran xəstəxanasında qucaqlaşdıqlarını çəkən jurnalistdir. Onun Twitter-dəki bu fotosu hadisə ilə bağlı ilk xəbər olub.

22 yaşlı Əmini ölkədə qadın geyim qaydalarını pozduğu iddiası ilə əxlaq polisi tərəfindən saxlanıldıqdan bir neçə gün sonra vəfat edib. Rəsmilər ölümün səbəbinin "xəstəliklərlə" bağlı olduğunu, lakin tərəfdarları və ailə üzvləri Əmininin həbsdə olarkən döyüldüyünü deyir.

İlahə Məhəmmədi Əmininin ölkəni bürümüş kütləvi etirazların başladığı doğma şəhəri olan Sagezdə dəfn mərasimini işıqlandırıb.

İran hökumətinin heç bir sübut olmadan ABŞ və digər Qərb güclərinin iğtişaşların arxasında dayandığına dair irəli sürdüyü iddiaların bir hissəsi olaraq, İranın kəşfiyyat xidməti 30 yaşlı Həmidi və 35 yaşlı Məhəmmədini Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri olmaqda ittiham edib.

Yüzlərlə jurnalist birgə bəyanat yayaraq, iki qadının həbsdə saxlanması və vəkillə əlaqə saxlamalarına imkan verilməməsi də daxil olmaqla, əsas hüquqlarının təmin olunmamasını tənqid edib.

İnsan haqları qruplarının dediyinə görə, etirazlar zamanı 300-dən çox insan öldürülüb, minlərlə insan həbs edilib. Hökumətin təzyiqlərin güclənəcəyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, iranlılar küçələrə axışmaqda davam edir.

Noyabrın 8-də Tehranın nüfuzlu Şərif Universitetinin tələbələri yeni aksiya keçirərək, İranı tərk edən tələbələrə işarə edən etiraz himnlərindən birini oxuyub, onlardan"qalmalarını və ölkəni geri qaytarmalarını" istəyiblər.

Beynəlxalq Valyuta Fondunun bildirdiyinə görə, hər il 150 mindən çox təhsilli iranlı xaricdə daha yaxşı həyat tapmaq ümidi ilə ölkəni tərk edir.

XS
SM
MD
LG