Accessibility links

İranda uşaqlarına türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr etirazlarını sosial mediada paylaşır


İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən aiələr səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır.

Son vaxtlar Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində bəzi ailələr şəxsiyyət vəsiqəsi almaq üçün dövlət qurumlarına müraciətlərinin nəticəsiz qaldığını bildiriblər.

Oğlum Atakan təqribən 4 yaşında. Amma adının türkcə olduğu üçün vətəndaşlıq qeydiyyatı idarəsi ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.
Təbriz sakini Adil Çobani


Təbriz sakini Adil Çobani öz Instagram səhifəsində təqribən 4 il əvvəl dünyaya gəlmiş Atakan adlı uşağına bu günə qədər şəxsiyyət vəsiqəsi verilmədiyini qeyd edib.

“Həzrəti peyğəmbər buyurub ki, övladın valideyni üzərindəki haqlarından biri onun üçün yaxşı və gözəl bir ad seçməkdir. Ölkə məsullarının sayəsində bu haqq bizdən alınıb. Oğlum Atakan təqribən 4 yaşında. Amma adının türkcə olduğu üçün vətəndaşlıq qeydiyyatı idarəsi ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edir,” - deyə Çobani sosial mediada paylaşıb.

Qərbi Azərbaycan vilayətinin Sayınqala (Şahindej) şəhərində yaşayan Babək Qabilnejad da Instagram hesabında təqribən bir ay əvvəl dünyaya gəlmiş qızı Yağış üçün şəxsiyyət vəsiqəsi verilmədiyini bildirib. Qabilnejad həmçinin mövzu ilə bağlı İranın müxtəlif dövlət qurumlarına yazdığı məktubların görüntüsünü paylaşıb.

O, Qərbi Azərbaycan vilayəti vətəndaşlıq qeydiyyatı idaərəsinin Yağış adı üçün şəxsiyyət vəsiqəsi vermədiyinə dair bir sənədin surətini paylaşaraq yazıb ki, “mən vaz keçməyəcəm və bu utanc İslam Cümhuriyyəti Hökümətinin alnında qalmağa davam edəcək.”

Qızıma Yağış adını seçmişəm. Ancaq hələ də onun üçün şəxsiyyət vəsiqəsi ala bilməmişəm. Mənim uşağım şəxsiyyət vəsiqəsi olmadan böyüyə bilər, amma kimliksiz böyüməyəcək.
Sayınqala sakini Babək Qabilnejad

Sosial media vasitəsilə gündəmə gələn etirazların ardınca Şərqi Azərbaycan vilayəti vətəndaşlıq qeydiyyatı idarəsinin sədri Əhəd Codi bir müddət əvvəl İran agentliklərinə müsahibə verərək, türkcə adlarla bağlı heç bir məhdudiyyətin olmadığını iddia edib. Onun açıqlamalarından sonra, Yağışın atası bir məktub da Şərqi Azərbaycanın qeydiyyat idarəsinə ünvanlayıb.

Qabilnejad görüntüsünü öz İnstagram hesabında paylaşdığı məktubda yazıb: “Cənab Əhəd Codi, türkcə adlara qarşı heç bir məhududiyyət və qadağanın olmadığına dair açıqlamalarınız üçün sizdən təşəkkür edirəm. Mən yanvarın 3-də dünyaya gələn qızıma Yağış adını seçmişəm. Ancaq hələ də onun üçün şəxsiyyət vəsiqəsi ala bilməmişəm. Yağış sözünün qanun, şəriət, mədəniyyət və ənənələr çərçivəsinin xaricində bir ad olmadığını nəzərə alaraq, xahiş edirəm, əmr buyurun ki, qızıma şəxsiyyət vəsiqəsi verilsin. Əgər bu mövzu sizin səlahiyyətinizdə deyildirsə və sizin açıqlamalarınız yalandırsa, lütfən bunu da açıq şəkildə bildirin və bizləri boş yerə ümidləndirməyin. Amma bunu da bilin ki, sizin idarənizin uşaqlarımıza yaxşı bir ad seçmə haqqına mane olması bizim qərarımızı dəyişdirməyəcəkdir. Çünki mənim uşağım şəxsiyyət vəsiqəsi olmadan yaşaya bilər, amma kimliksiz yaşaya bilməz.”

Son vaxtlar həmçinin Anar adlı uşağın atası Həsən Əmirpur Çaxırlı və Sevgi adlı uşağın atası Mehdi Qiyasi sosial şəbəkələr vasitəsilə övladlarına türk adları ilə şəxsiyyət vəsiqəsi ala bilmədiklərini bildiriblər.

Ərdəbildə yaşayan tanınmış sənətkar və türk fəal Səccad Colaninin 7 ay öncə dünyaya gəlmiş qızı Ayıl üçün şəxsiyyət vəsiqəsi ala bilməməsi bir neçə aydır medianın gündəmindədir.

Səccad Colani bu yaxınlarda Türkiyənin Anadolu agentliyinə verdiyi müsahibədə belə deyi: “Qeydiyyat idarəsində mənə dedilər ki, Ayıl adı bizim siyahımızda yoxdur və yalnız siyahıda olan adlardan birini seçməlisiniz. Mən nə edə biləcəyimi soruşdum. Dedilər ki, Tehranda 3 fars ədəbiyyatı eksperti bu haqda qərar verə bilər. Onlar da Ayıl adını seçməyə mane oldular. İranda şəxsiyyət vəsiqəsi yoxdursa, uşaq heç bir sosial xidmətdən faydalana bilmir. Uşağımızın bir xəstəliyi var və üç dəfə əməliyyat olub. Şəxsiyyət vəsiqəsi olmadığı üçün biz bunların xərcini ödəmək üçün sığortadan yararlana bilməmişik.”

İran Azərbaycanı və Tehranda bir çox ailə uşaqları üçün seçdikləri türk adı ilə şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkir. 2001-ci ildə İranda nəşr edilən “Türkcə İnsan Adları” sözlüyünün müəllifi Fərhad Cavadi daha əvvəl Amerikanın Səsinə verdiyi müsahibədə 1990-cı illərdə vəziyyətin daha da ağır olduğunu ifadə etmişdi.

Uşağına, dükanına ya şirkətinə türk adı almaq istəyənlərə deyirəm ki, adla bağlı önləyici bir qanun yazılmayıb. Ancaq bunlara (dövlət qurumlarına) tapşırırlar, bir cür edin ki, türk adı qoyulmasın. Elə bir şərait yaradırlar ki, adam neçə gün gedir, gəlir və sonra yorulub imtina edir. Deyir ki, nə ad olursa olsun”, Cavadi müsahibədə deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG