Accessibility links

Tehranda həbsdə olan İran mənşəli Britaniya vətəndaşları azad edilib


İran mənşəli Britaniya vətəndaşları Nazənin Zəqhari-Retklif və Anuşə Aşurinin İran həbsxanasından azad edildiyi və çərşənbə günü Britaniyaya qayıdacaqları bildirilib.

Baş nazir Boris Conson tvitter hesabında "Nazənin Zəqhari-Retklif və Anuşə Aşurinin İranda ədalətsiz həbsinin bu gün başa çatdığı və Britaniyaya qayıdacaqları xəbərini təsdiqləməkdən çox məmnunam" yazıb.

Zəqhari-Retklif 2016-cı ilin aprelində qızı ilə İrandakı qohumlarını ziyarətdən sonra Britaniyaya evə qayıdarkən Tehranın beynəlxalq hava limanında saxlanılıb. İran məhkəməsi sentyabr ayında xeyriyyə işçisini açıqlanmayan təhlükəsizlik pozuntularına görə 5 il həbs cəzasına məhkum edib. Ona qarşı İran hökumətini devirmək planı hazırlamaq ittihamı irəli sürülüb.

İran əsilli Aşuri 2017-ci ilin avqustunda anasını ziyarət edərkən Tehranda həbs edilib. Anuşə Aşuri İrana həyat yoldaşı, oğlu və qızı ilə onilliklər ərzində yaşadığı Londondan gedib. Daha sonra İran hökuməti onu İsrailin xeyrinə casusluqda ittiham edərək, 10 il müddətinə azadlıqdan məhrum edib. O, paytaxtdakı Evin həbsxanasına göndərilib.

İranın dövlət mediası Britaniyanın İrana “uzun müddətdir borclu olduğu 530 milyon dolları” ödədiyini bildirib.

İnsan haqları qrupları Tehranı ikili vətəndaşları girov götürməkdə ittiham edir. İran bu ittihamları rədd edir.

XS
SM
MD
LG