Accessibility links

İran Suriyaya endirilən hava zərbələri zamanı İnqilab Keşikçiləri Korpusunun bir üzvünün öldüyünü təsdiqləyib


İran Suriyada İsraili ittiham etdiyi hava zərbələri zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir üzvünün öldüyünü təsdiqləyib.

Rəsmi İRNA xəbər agentliyinin martın 26-da bildirdiyinə görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun ekspedisiya qanadı olan Qüds Qüvvələrinin üzvü Behruz Vahidi İsrailin Suriyanın şərqindəki Deyr Əl-Zor şəhərinə iddia edilən hava hücumu zamanı həlak olub.

Suriya hökumətinə yaxın media zərbələrin endirilməsində ABŞ-ı ittiham edib. Nə ABŞ, nə də İsrail məsələ ilə bağlı açıqlama verməyib.

Bir müddət əvvəl Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu hücumda İslam İnqilabı Keşikçiləri Korpusunun suriyalı olmayan 12-i üzvü daxil olmaqla, 13 nəfərin öldüyünü bildirib.

Oktyabr ayında Qəzzada müharibə başlayandan bəri İsrailin Suriya və Livana ehtimal edilən zərbələri nəticəsində İnqilab Keşikçiləri Korpusunun azı 11 iranlı üzvü həyatını itirib.

İsrail ABŞ və Avropa İttifaqı tərəfindən terror qruplaşması kimi tanınan HƏMAS-ın hücumuna cavab olaraq, Fələstin anklavına qarşı ölümcül hücuma başlayıb. HƏMAS-ın İsrail daxilində təşkil etdiyi hücumda əksəriyyəti mülki şəxslər olmaqla, 1200-ə yaxın insan ölüb, 250-dən çox insan girov götürülərək, Qəzzaya aparılıb.

İranın "müqavimət oxu" adlanan regional müttəfiqləri İsrailin Qəzzaya hücumundan sonra İsrail və ABŞ-ın Yaxın Şərqdə maraqlarını hədəf alıb. Lakin ABŞ-ın fevral ayında həyata keçirdiyi silsilə zərbələrindən sonra silahlı qruplaşmalar Amerika bazalarına hücumlarını azaldıb.

Suriyaya zərbələr HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ali dini rəhbər Ayətullah Əli Xameneyi də daxil olmaqla, İran rəsmiləri ilə görüşmək üçün Tehrana gəlişindən bir neçə saat əvvəl endirilib.

Haniyə mətbuat konfransında deyib ki, BMT Təhlükəsizlik Şurasının martın 25-də Qəzzada atəşkəsə çağıran qətnaməsi İsrailin "görünməmiş siyasi təcrid"də olduğunu göstərir.

2013-cü ildə Suriyada vətəndaş müharibəsi zamanı prezident Bəşər Əsədin hakimiyyətə nəzarəti çətinləşdiyi zaman İslam İnqilabı Keşikçiləri Korpusu onu müdafiə etməyə başlayıb. Korpusun Tehranın "hərbi məsləhətçi" kimi təsvir etdiyi yüzlərlə komandir və zabitinin Suriyada olduğu güman edilir. İran bu ərəb ölkəsində əsasən şiə əfqan və pakistanlı döyüşçülərdən ibarət böyük yarı-hərbi şəbəkəyə dəstək verir.

Forum

XS
SM
MD
LG