Accessibility links

İranın İnqilab Keşikçiləri Məhkəməsi iranlı sənətçini ölüm cəzasına məhkum edib


Mehdi Bəhmən
Mehdi Bəhmən

Azadlıq Radiosunun "Fərda" bölməsinin bildirdiyinə görə, Tehranın İnqilab Keşikçiləri Məhkəməsi iranlı sənətçini ölüm cəzasına məhkum edib.

İranlı yazıçı və illüstrator Mehdi Bəhmən oktyabrın 11-də, ümummilli etirazlar zamanı İsrail televiziyasında Kanal 13-ə müsahibə verdikdən sonra həbs edilib.

Bəhmana qarşı irəli sürülən ittihamlarla bağlı təfərrüatlar açıqlanmayıb.

Kanal 13-ə müsahibəni o, aprel ayında kitablarından birinin ivrit dilinə tərcümə olunması üçün israilli qadına müraciət etdikdən sonra verib.

Müsahibəsində Bəhmən İslam Respublikasını insanların həyatına şəriət qanunlarını tətbiq etdiyinə görə tənqid edib. O, həmçinin bildirib ki, müşahidələrinə görə, İran xalqının İsrail və dünyadakı yəhudilərlə problemi yoxdur və İranla İsrail arasında münasibətləri normallaşdırılmasını istəyir.

Bəhmən həm də dinlərin yaxınlığı üzrə tədqiqatçıdır və Tövrat, Zəbur və İncil kitablarının illüstrasiyalarını çəkib.

22 yaşlı Məhsa Əmininin baş örtüyünü "düzgün şəkildə" örtmədiyinə görə bədnam əxlaq polisi tərəfindən həbsindən və orada ölümündən sonra iranlılar etiraz əlaməti olaraq bütün ölkə boyu küçələrə axışıb. Qadınlar və hətta məktəbli qızlar misli görünməmiş itaətsizlik nümayiş etdirib ki, bu, 1979-cu il inqilabından sonra İslam hökuməti üçün ən böyük təhlükə olub.

Hökumətin ictimai nümayişçilərə və müxaliflərə qarşı qəddar basqısı nəticəsində jurnalistlər, hüquqşünaslar, fəallar, rəqəmsal hüquq müdafiəçiləri də olmaqla, hökumətə qarşı çıxan minlərlə insan həbs edilib.

Qanunvericilər etirazçılara ölüm hökmü də daxil olmaqla, daha ağır cəzalarının verilməsini tələb edib.

"Fərda" radiosunun araşdırmaları son üç ayda azı 44 iranlı etirazçıya qarşı "Allaha qarşı müharibə" və "Yer üzündə korrupsiya" ittihamları irəli sürüldüyünü göstərib. Bu ittihamlar casusluq və ya hökuməti devirmək cəhdləri kimi çox zaman ölümlə cəzalandırılır.

İran rəsmilərinin bildirdiyinə görə, iki edam həyata keçirilib.

23 yaşlı Məcidrza Rəhnavərd dekabrın 12-də Məşhəd məhkəməsi tərəfindən təhlükəsizlik qüvvəsinin iki üzvünü bıçaqla öldürmək ittihamı ilə edam cəzasına məhkum edildikdən iki gün sonra ictimai yerdə bir krandan asılıb.

Ondan dörd gün öncə isə 23 yaşlı Mohsen Şekari də təhlükəsizlik qüvvələrinin bir üzvünü yaraladığına görə edam olunub.

İnsan haqları qrupları bir çox təqsirləndirilən şəxsə ölüm hökmü verildiyini bildirib.

XS
SM
MD
LG