Accessibility links

İran diplomatının toxunulmazlığı ləğv edilir


Avstriya İran mühacir müxalifətinin Fransadakı görüşündə bomba partlayışı planlaşdırmaqda şübhəli bilinən İran diplomatının toxunulmazlığını ləğv edir.

Avstriya Xarici İşlər Nazirliyi iyulun 3-də bildirib ki, “bu şəxs 48 saat ərzində diplomatik toxunulmazlığından məhrum ediləcək, çünki onun həbsi barədə Avropa sanksiyası mövcuddur”.

Bundan bir gün əvvəl İranın Vyanadakı səfiri nazirliyə dəvət edilmiş və ondan vəziyyətin aydınlaşdırılması tələb olunmuşdu.

Vyanadakı İran səfirliyinin diplomatı ötən həftəsonu Almaniyada saxlanılıb.

Belçika onu İran Milli Müqavimət Şurasının iyunun 30-da Paris ətrafındakı Villepintedə keçirilən iclasına bomba hücumu hazırlamaqda ittiham edir. Parisdə mənzillənmiş bu müxalif hərəkat İranın ruhani rejimini devirməyi məqsəd qoyanlardan ibarətdir.

İki ölkənin hakimiyyət orqanları bildiriblər ki, Belçika və Fransada daha 5 şübhəli saxlanıb.

Belə bir qəsd planının mövcud olması ilk dəfə Belçika hakimiyyət orqanları tərəfindən aşkarlanıb.

Brüssel bu barədə xəbəri iyulun 2-də yayıb. Xəbərdə deyilirdi ki, iyunun 30-da maşınlarında 500 qram partladıcı maddə və detonasiya qurğusu tapılmış ər və arvad həbs edilib.

İran əsilli Belçika vətəndaşı olduğu deyilən bu iki şübhəliyə qarşı terrorçu qətlə qəsd və terror hücumunun hazırlanması ittihamları irəli sürülüb.

Fransada bu hadisə ilə əlaqədar 3 nəfər dindirilmə üçün saxlanıb.

Bu həbslər İran prezidenti Həsən Ruhaninin Avropaya səfər turunun başlanğıcına təsadüf edir.

İranın xarici işlər naziri Məhəmməd Cavab Zərif bu həbsləri “qondarma əməliyyat” kimi qiymətləndirib.

Zərif iyulun 2-də Tvitterdə yazıb: “Necə də maraqlıdır: Bizim prezidentimizin Avropaya səfəri başlanır və elə bu vaxt iddia edilən İran əməliyyatı bəyan edilir və “qəsdçilər” həbs olunur”.

XS
SM
MD
LG