Accessibility links

İranda nümayişlər zamanı 10 nəfər öldürülüb


İranın dövlət televiziyasının bildirdiyinə görə, dünən axşamdan bəri anti-hökumət nümayişlərində 10 nəfər öldürülüb. Hökumətə qarşı nümayişlər ölkə boyu keçən həftənin sonlarından bəri başlayıb.

Yüzlərlə nümayişçinin həbs edildiyi bildirilir. Ölənlərin ümumi sayı 12 nəfərdir.

Dövlət televiziyası silahlı nümayişçilərin hərbi bazalar və polis məntəqələrini ələ keçirmək cəhdinin ciddi müqavimətlə aradan qaldırıldığını bildirib.

İranın adının açıqlamadığı millət vəkili İLNA xəbər agentliyinə cənub-şərq İzeh şəhərində gecə saatlarında iki nəfərin qətlə yetirildiyini desə də, məsuliyyətin kimlərin üzərinə düşdüyünü bildirməyib.

Nümayişlər ölkə boyu yayılmazdan əvvəl keçən həftənin cümə axşamı ölkənin ikinci ən böyük şəhəri və şiələrin müqəddəs saydığı Məşhəd şəhərində kiçik qrupla başlayıb.

Tramp administrasiyası Tehranın iranlıların sosial media platformaları vasitəsilə ünsiyyət qurmalarına mane olmasından narahatlığını ifadə edib.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli İranda etirazlarla əlaqədar bəyanat açıqlayıb.

“Yeni ildə bizim ümidlərimiz və dualarımız Şimali Koreya, Venesuela, Kuba və xüsusilə də uzun illərdir repressiyalara məruz qalmış İran xalqının indi öz səsini ucaltdığı İranda zülmkar hökumətlərdən əziyyət çəkən milyonlarla insanlarladır. İran hökuməti öz xalqı tərəfindən sınağa çəkilir. Biz azadlıq və insan haqlarının zəfər çalmasına dua edirik”, Nikki Heyli bəyanatında bildirib.

XS
SM
MD
LG