Accessibility links

İranla Taliban arasında Əfqanıstanla sərhəddə atışma baş verib


Şənbə günü İran İslam Respublikasının Əfqanıstanla sərhədində Talibanla İran arasında ağır silahlı atışma baş verib. Bununla da iki ölkə arasında çay üzərindəki haqlarla bağlı artan gərginlik kəskin eskalasiya edib.

İranın dövlət İRNA xəbər agentliyi ölkənin polis rəisinin müavinindən sitat gətirərək general Qasım Rezai Talibanı ilk atəşi şənbə səhər İranın Sistan və Bəlucistan vilayətləri ilə Əfqanıstanın Nimroz vilayəti arasındakı sərhəddə açmaqda ittiham edib. İRNA deyib ki, İran “ağır tələfat və ciddi ziyan” vurub.

Əfqanıstanda Talibanın nəzarət etdiyi media döyüşün getdiyi etiraf etməyib.

Əksəriyyətinin sünnilərdən ibarət Sistan və Bəlucistan vilayətlərində bəluc əhaliyə təsir göstərən məsələləri işıqlandıran HalVash hüquq qrupu həmin ərazilərdəki sakinlərə istinadən bildirib ki, döyüşlər Nimrozun Kanq vilayətində baş verib. Qrup ərazidəki bəzi insanların zorakılıqlardan qaçdığını bildirib.

İnternetdə yerləşdirilən və həmin ərazidə çəkildiyi bildirilən videolarda uzaqda pulemyot atəşinin səsi eşidilir.

“İran İslam Respublikasının sərhəd qüvvələri hər hansı sərhəd pozuntusuna və aqressiyaya qətiyyətlə cavab verəcək və Əfqanıstanın hazırkı rəsmiləri ölçülməmiş və beynəlxalq prinsiplərə zidd hərəkətlərinə görə cavabdeh tutulmalıdır,” İRNA İran polisinin rəisi general Əhmədrza Radandan sitat gətirib.

Toqquşma İran prezidenti İbrahim Rəisinin bu ayın əvvəlində Talibana İranın Helmand çayı üzərindəki hüququnu pozmaması barədə xəbərdarlıq etməsindən sonraya təsadüf edir. Rəisinin sözləri İranda çayla bağlı uzun müddətdir davam edən narahatlıqlarla bağlı indiyə qədərki ən sərt çıxışdır.

İranda təxminən son 30 ildir quraqlıq problemi mövcuddur. Ancaq BMT-nin Ərzaq və Kənd Təsərrüfarı Təşkilatının bildirdiyinə görə, bu problem son on ildə daha da pisləşib. İranın Metereologiya Təşkilatı bildirir ki, ölkənin təxminən 97 faizi indi müəyyən dərəcədə quraqlıqla üzləşir.

Taliban 2021-ci ilin avqustunda ABŞ və NATO qüvvələrinin 20 il davam edən müharibənin ardından ölkədən geri çəkilməsinin son həftələrində Əfqanıstanda hakimiyyəti ələ keçirib. O zamandan bəri Əfqanıstan dünyanın qadın və qızlar üçün ən repressiv ölkəsinə çevrilib, onları demək olar bütün əsas hüquqlarında məhrum edib.

İran Taliban hökumətini birbaşa qəbul etməsə də, Əfqanıstanın yeni rəhbərliyi ilə əlaqələrini saxlayıb. Tehran həmçinin Talibanı qadın və qızların məktəbə getmələrinə icazə verməyə çağırıb.

Əfqanıstan Xarici İşlər Nazirliyinin rəsmisi Zia Əhmədin atdığı tvitlərə əsasən, Talibanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi şənbə günü İranın Əfqanıstan üzrə elçisi ilə görüşərək Helmand çayı üzərindəki haqları müzakirə edib. İRNA görüşü təsdiqləyərək bildirib ki, “iki ölkə arasında məsələlər dialoq yolu ilə müzakirə olunmalıdır.”

XS
SM
MD
LG