Accessibility links

İran Azərbaycanında sosial media fəalı Fərid Məhəmmədnejad həbsxanaya göndərilib


Qərbi Azərbaycan vilayətinin Maku (Makı) şəhərində sosial media fəalı Fərid Məhəmmədnejad daha əvvəl məhkum olduğu 4 aylıq həbs müddətini keçirmək üçün həbsxanaya göndərilib.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin bildirdiyinə görə, türk fəal bazar ertəsi günü dekabrın 14-də nəzarət altına alınaraq Makı həbsxanasına aparılıb.

Fərid Məhəmmədnejad daha əvvəl hazırda Maku həbsxanasında həbs müddətini keçirən jurnalist Yavər Sultani ilə birlikdə Maku Cəza Məhkəməsi tərəfindən 4 ay qəti, habelə əlavə olaraq 2 il sınaq müddəti olmaqla 8 ay şərti həbsə məhkum ediliblər.

Hər iki fəal keçən iyul ayında Maku şəhərinin “Həftə” meydanındakı şair Fidovsinin heykəli ilə bağlı sosial mediada paylaşdıqları video və xəbərlər ilə əlaqədar “ictimai rəydə təşviş yaratmaq” və “ümumi intizamı pozmaq” ittihamları ilə mühakimə olundular.

10-11-ci əsrlərdə yaşamış böyük fars şairi Əbülqasım Firdovsi İran Azərbaycanında anti-türk xarakteri ilə tanınır.

Keçən iyul ayında Maku şəhərinin Həftə meydanında yerləşdirilən Firdovsi heykəli bir neçə gün götürülüb daha sonra yenidən həmin meydana yerləşdirilmişdi. Sultani və Məhəmmədnejad kimi türk fəallar “irqçiliyin simvolu” olaraq dəyərləndirdikləri heykəlin götürülməsindən məmnun olduqlarını ifadə etmişdilər. Fərid Məhəmmədnejad mövzu ilə bağlı idarə etdiyi “Yurt TV” adlı İnstagram səhifəsində xəbər və video paylaşmışdı.

Məhəmmədnejad Yurt TV səhifəsində videolar paylaşaraq İran Azərbaycanı və ölkənin digər bölgələrində türklərə qarşı tətbiq olunan ayrı-seçiliklər haqqında danışır.

XS
SM
MD
LG