Accessibility links

Milli fəallara qarşı yeni hökmlər, yeni mühakimələr


Son günlərdə İranda Azərbaycan fəallarına qarşı yeni məhkəmə hökmlərinin çıxarılması, bəzi fəalların mühakimə edilməsi, habelə bir neçə milli fəallın zəmanət qarşılığında müvvəqəti azadlığa buraxılması haqda Azərbaycan veb səhifələri məlumat yayıb.

Daha öncə Susma adlı türkcə-farsca dərginin yayılmasında əməkdaşlıq etdikləri üçün İran İslam Respublikasına qarşı təbliğat aparmaqla günahlandırılıb həbs cəzası alan və həbs çəkən beş milli fəala Təbriz İnqilab Məhkəməsinin hakimi Rəhim Həmlbər tərəfindən yeni məhkəmə hökmü çıxarılıb.

“Məsud Hüseynzadə, Məhəmməd İskəndərzadə, Vəhid Həbib Çeşmə, Vəhid Rastgu və Əfsanə Toqir daha öncə İran İslam Respublikasına qarşı təbliğat və fəaliyyət üzündən hökm alsalar da, fəaliyyətlərində istifadə etdikləri vasitələrlə bağlı hökm çıxarılmamışdı”-deyə qeyd edən Öyrənci Səsi saytının yaydığı məhkəmə sənədində bu beş fəala məxsus olan kompüterlər, printerlər və bir ədəd MP3 çalarının müsadirə və kompüter və mobil yaddaş kartları, RAM kartı və flash yaddaş kartlarının yox edilməsinə dair hökm çıxarılıb.

Oyan News xəbər saytı isə bir neçə ay öncə Təbriz Ettelaat həbsxanasından müvəqqəti olaraq 500 milyon rial qarşılığında zəmanətə buraxılan Məhəmməd Xətibinin ötən həftə İnqilab Məhkəməsində hakim Həmlbər tərəfindən mühakimə edildiyini bildirib.

“Təbriz zindanında saxlanılan Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının başqanı Lətif Həsəni və təşkilatın Mərkəzi Komitə üzvləri Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Şəhram Radmehr və Behbud Quluzadə Təbriz İnqilab Məhkəməsinə aparılıb”-deyə AZOH veb səhifəsi xəbər verib. “İran İslam Respublikasına qarşı təbliğat” və “Qanunsuz qrup təşkil etmək” lə günahlandırılan milli fəalların ittihamları hakim Həsən Haşimzadə tərəfindən elan edilib.

Azərbaycan xəbər saytları səkkiz il və bir il həbsə məhkum olunmuş milli fəallar Abbas Vəlizadə (Oxtay) və Mehdi Kuxiyanın zəmanət qarşılığında hökmlərinin icra edilənədək müvəqqəti olaraq sərbəst buraxıldıqları və Təbriz zindanında həbs müddətini çəkən tələbə Əmir Çəməniyə məzuniyyət haqqından istifadə edib, ailəsi ilə görüşməsinə icazə verildiyini bildirib.
XS
SM
MD
LG