İranda koronavirusun yayılması və yoluxma hallarının artması ilə həbsxanada olan siyasi məhbusların durumu narahatlıqlara səbəb olub.
HRA xəbər agentliyi və insan haqları fəalları tərəfindən sosial mediada yayımlanan xəbərlərə görə, bəzi türk fəalların saxlandığı Tehranın Evin həbsxanasının 4-cü bölməsində koronavirusa bir yoluxma halı təsdiqlənib.
Evin həbsxanasının həmin bölməsində saxlanılan üç güneyli siyasi məhbusun, o cümlədən Kiyanuş Aslani, Tohid Əmirəmini və Kazım Səfabəxşin sağlamlıq durumları ailələri və siyasi fəalların narahatlığına səbəb olub. Digər azərbaycanlı fəallar, İbrahim Nuri və Cəfər Rüstəmi-Rad, Tehran Evin həbsxanasının 8-ci hissəsində saxlanılır.
Şərqi Azərbaycan vilayətinin Əhər şəhərinin həbsxanasında məhbus olan digər iki türk fəal Saleh Molla Abbasi və Süleyman Kazımi martın 2-də məzuniyyətə buraxılıblar. Başqa həbsxanalarda həbsdə olan türk fəallar hələ məzuniyyətə buraxılmayıblar.
İranın məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmayıli koronavirusun yayılmasının qarşısının almaq üçün 54 mindən çox məhbusun məzuniyyətə buraxıldığını söyləyib.