Accessibility links

Ağ Ev: COVID-19-a yoluxmalar artsa da, xəstəxanaya yerləşdirmə halları azalır


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) direktoru Roşel Valenski çərşənbə günü ABŞ-da yoluxma hallarının rekord həddə çatdığını, lakin koronavirusun omikron variantından ölüm və xəstəxanaya yerləşdirmə hallarının sayının nisbətən aşağı olduğunu bildirib.

"Bir neçə qısa həftə ərzində omikron ölkə daxilində sürətlə artıb və biz onun gələn həftələrdə yayılmağa davam edəcəyini gözləyirik. Keçən həftələrlə müqayisədə yoluxma halları əhəmiyyətli dərəcədə artsa da, xəstəxanaya yerləşdirmə və ölüm halları hazırda nisbətən aşağıdır" - deyə, Valenski bildirib.

Onun sözlərinə görə, hazırda yeddi günlük hallar əvvəlki həftə ilə müqayisədə 60 faiz artaraq, gündə təxminən 240 400-ə çatıb.

Ağ Evdə keçirilən brifinqdə Valenski jurnalistlərə bildirib ki, eyni dövr üçün gündəlik xəstəxanaya yerləşdirilmə nisbəti gündə təxminən 9 000-ə qədər, yəni 14% artıb, ölüm halları isə gündə 1100-ə qədər, təxminən 7% azalıb.

Çərşənbə günü ABŞ-da koronavirusa gündəlik təsdiqlənmiş yoluxma hallarının sayı rekord həddə çatıb.

ABŞ və başqa ölkələrdən alınan ilk məlumatlara görə, omikronun delta variantı ilə müqayisədə xəstəxanaya yerləşdirmə nisbəti daha aşağıdır. ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Antoni Fauçi brifinq zamanı COVID-19 peyvəndinin gücləndirici dozasının bu xəstəliklə mübarizədə kritik rol oynayacağını deyib.

"Bütün əlamətlər delta ilə müqayisədə omikronun daha az gücə malik olduğuna işarə edir" - deyə, o bildirib.

Həm Fauçi, həm də Valenski ölümlər və xəstəxanaya yerləşdirmə halları ilə bağlı məlumatların iki həftə əvvəlki məlumatlarla müqaqyisədə xeyli az olduğunu deyib.

Fauçi ikinci gücləndirici dozanın da gərək ola biləcəyini, lakin ilkin gücləndirici dozanın nə qədər müddətə qoruma təmin etdiyini müəyyən etmədən bunu bilməyin mümkün olmadığını deyib.

XS
SM
MD
LG