Accessibility links

Hökumətin basqıları səbəbindən daha çox iranlı etirazlarını damlara köçürür


Hökumət əleyhinə ümummilli nümayişlərin başlanmasından üç aydan çox vaxt keçib və son günlər daha az iranlı küçələrə çıxıb.

Etirazlar başlayanda hökumət mitinqlərə zorakılıq və kütləvi həbslərlə cavab verdi. Lakin son həftələr hökumət mitinqləri cilovlamaq üçün etirazçıların açıq şəkildə edamı da daxil olmaqla, getdikcə daha qəddar taktikalardan istifadə edib.

Lakin bu, əsasən də nümayişlərin mərkəzi olan qərbi Kürdüstan bölgəsində olduğu kimi bəzi iranlıların həyatlarını riskə ataraq, küçələrə çıxmasına mane olmayıb. Etirazçıların çağırışından sonra dekabrın 19-21 tarixlərində üç gün etiraz aksiyaları və tətillər keçirilib.

Sıx nəzarət edilən küçələrdə həbs olunma və fiziki xəsarət alma riski artdıqca daha çox iranlı etiraz aksiyalarını damlarına və pəncərələrinə köçürüb.

Sosial mediada geniş şəkildə paylaşılan videolarda son həftələr İranın böyük şəhərlərində etirazçıların gecə saatlarına qədər damlardan və pəncərələrdən qışqırdığını görmək olub. Bu təcrübə yeni deyil, lakin son vaxtlar daha geniş yayılıb.

Qərbi Bukan şəhərində həbsdə olan və sonra komaya düşərək, xəstəxanaya köçürülən iranlı siyasi fəal dekabrın 18-də vəfat edib.

İranın kürd bölgələrində hüquq pozuntularını izləyən Norveçdəki Hengaw qrupu bildirib ki, Məhəmməd Hacı Rəsulpur oktyabr ayında Bukanda rejim əleyhinə etirazlar zamanı həbs edilib.

Ailəsinin bildirdiyinə görə, noyabr ayında yenidən həbs olunduqdan sonra Rəsulpur komaya düşüb və daha sonra işgəncələr nəticəsində aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Mərkəzi Kərəc şəhərində həbsdə olan 15 yaşlı iranlı yeniyetmənin anası ilə aparılan müsahibə sosial mediada yayıldıqdan sonra dekabrın 15-də sərbəst buraxılıb.

Əmirhüseyn Rəhiminin anası Tehranın "Etemad" qəzetinə deyib ki, hökumət əleyhinə etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində baş və sinə nahiyəsində aldığı yaralara baxmayaraq, oğlu iki aydır həbsdədir.

XS
SM
MD
LG