Accessibility links

İranın kürd bölgəsindəkı universitetlərdə yeni etirazlar başlayıb


Bazar günü əsasən də kürdlərin yaşadığı şimal-qərbdə olmaqla, İran universitetlərində yeni etirazlar başlayıb. Ölkədəki güclü repressiyalara baxmayaraq, bununla rejim əleyhinə yeddi həftədir davam edən hərəkata dəstək verilib.

Sentyabrın ortalarında qadınlar üçün sərt geyim qaydalarını pozduğu iddiası ilə həbs edilən Mahsa Əmininin ölümü ilə başlayan etirazlar 1979-cu il inqilabından bəri ölkəni idarə edən ruhanilər üçün ən böyük problemə çevrilib.

2019-cu ilin noyabrındakı nümayişlərdən fərqli olaraq, bu ümummilli nümayişlər sosial təbəqələrə, universitetlərə, küçələrə, hətta məktəblərə belə yayılıb və səngimək bilmir.

Norveçdə yerləşən "Hengaw" hüquq-müdafiə təşkilatının bildirdiyinə görə, bazar günü təhlükəsizlik qüvvələri Kürdüstan vilayətinin Marivan şəhərində keçirilən etiraz aksiyası zamanı atəş açıb və 35 nəfəri yaralayıb.

France-Presse xəbər agentliyi itkilərlə bağlı məlumatı dəqiqləşdirə bilməyib.

Ölkədə baş qaldıran son etirazlara Mərivandan olan Nəsrin Qədri adlı kürd tələbənin Tehranda öldürülməsi səbəb olub. "Hengaw" şənbə günü onun dünyasını polisin onun başından vurması səbəbindən dəyişdiyini bildirib.

İran rəsmiləri onun ölüm səbəbi ilə bağlı hələ ki, açıqlama verməyib.

"Hengaw" hadisənin etirazlara səbəb olacağından qorxan rəsmilərin təkidi ilə dəfn mərasimi olmadan səhər tezdən dəfn edildiyini bildirib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə nümayişçilərin rəsmi administrasiya binasına daş atdıqlarını, İslam Respublikasının bayrağını yandırdıqlarını görmək olub. Sakinlər, eləcə də hicabsız qadınlar küçələrdə yürüş edib.

"Hengaw" rəsmilərin bölgəyə əlavə qüvvələr yerləşdirdiyini və gecə şəhərdə atəş səsləri eşidildiyini bildirib.

Özü Kürdüstan vilayətinin Saqqız şəhərindən olan Əmininin ölümündən sonra kürdlərin məskunlaşdığı bölgələr etirazların mərkəzinə çevrilib.

Universitetlər də əsas etiraz ocaqlarıdır. Norveçdə yerləşən İran İnsan Haqları (IHR) təşkilatı Tehrandakı Şərif Universitetində tələbələrin həbs edilən həmkarlarına dəstək üçün bazar günü oturaq aksiyalar keçirdiklərini bildirib.

İranın şimalındakı Babul universitetinin tələbələri universitet yeməkxanasına qoyulmuş gender seqreqasiyası maneələrini qaldırıb.

İran İnsan Haqları təşkilatı şənbə günü bildirib ki, etirazlarının yatırılarkən azı 186 nəfər ölüb.

XS
SM
MD
LG