Accessibility links

İranın neft naziri mübahisəli qaz yatağı ilə bağlı "öz hüquqlarını" qoruyacağını deyir


İranın neft naziri Cavad Ovci
İranın neft naziri Cavad Ovci

İranın neft nazirinin bazar günü bildirdiyinə görə, danışıqlar uğursuz olarsa, Tehran Səudiyyə Ərəbistanı və Küveytin də iddia etdiyi mübahisəli qaz yatağına dair "hüquqlarını müdafiə edəcək".

Körfəzin İranda "Araş", Küveyt və Səudiyyə Ərəbistanında "Dorra" kimi tanınan təbii sərvətlərlə zəngin ofşor zonası uzun müddətdir üç ölkə arasında mübahisələrin mərkəzinə çevrilib.

Sana rəsmi xəbər agentliyi İranın neft naziri Cavad Ovciyə istinadən bildirib ki, "Anlaşma və əməkdaşlıq olmasa, İran yatağın istismarı və kəşfiyyatı ilə bağlı öz hüquq və maraqlarını həyata keçirəcək".

Onun sözlərinə görə, Tehran "qonşularımızla danışıqlar və anlaşma yolu" axtarır.

Ovci əlavə edib ki, "İran heç bir hüquq pozuntusuna dözməyəcək".

Bu ayın əvvəlində Tehranın yataqda qazma işlərinə başlamağa hazır olduğunu bildirməsindən sonra Küveyt İranı dəniz sərhədi danışıqlarının növbəti mərhələsinə dəvət edib.

Cümə axşamı Sky News Arabia Küveytin neft naziri Səad Əl-Barraka istinadən onun ölkəsinin İranla demarkasiya razılaşmasını gözləmədən qaz yatağında qazma və hasilat işlərinə başlayacağını deyib.

Bəzi dəniz qazı və neft ehtiyatlarını paylaşan Küveyt və Səudiyyə Ərəbistanı keçən il İranın razılaşmanı "qanunsuz" adlandıran etirazlarına baxmayaraq, yatağın birgə işlənməsi haqqında saziş imzalayıb.

Yataqla bağlı mübahisə 1960-cı illərdən, o zaman İran və Küveyt dənizdə - biri Britaniya-İran neft şirkəti, digəri BP-nin sələfi "Royal Dutch Shell" şirkətlərinə konsessiya verdikdən sonra başlanıb.

Forum

XS
SM
MD
LG