Accessibility links

İranda iğtişaşlar zamanı oğlu öldürülən ana 13 il həbs cəzası çəkməlidir


Məhsa Yəzdani and her son, Məhəmməd Cavad Zahedi
Məhsa Yəzdani and her son, Məhəmməd Cavad Zahedi

Keçən il İranda ümummilli iğtişaşlar zamanı öldürülən gəncin anası Məhsa Yəzdani sosial şəbəkələrdə oğlunun hökumət qüvvələri tərəfindən öldürülməsi ilə bağlı yazdığı şərhlərə görə məhkəmə tərəfindən həbs cəzasını çəkməyə çağırılıb.

Şərhlərinə görə Yəzdaniyə "sistemə qarşı təbliğat fəaliyyəti" və "rəhbərliyi təhqir etmək" kimi ittihamlar irəli sürüldükdən sonra o, ölkənin şimalında Sari şəhərindəki İslam İnqilabı Məhkəməsinin birinci şöbəsi tərəfindən 13 il həbs cəzasına məhkum edilib.

Yəzdani dekabrın 14-də Instagram hesabında bildirib ki, keçən ay apellyasiya məhkəməsi onun şikayətini rədd etdikdən sonra ona cəzasının başlaması üçün üç gün vaxt verilib.

Yəzdaninin oğlu Məhəmməd Cavad Zahedi İranın şimalındakı Sari şəhərində hökumət qüvvələri tərəfindən güllələnərək öldürüldüyü zaman 20 yaşında idi. Onun ölümündən sonra Yəzdani sosial şəbəkədə kədərini ifadə edərək, "Mən qırıldım, bu itki məni dəli etdi, bütün rejimə lənət" yazmışdı.

Zahedi baş örtüyü qaydasını pozduğu iddiası ilə saxlanılan 22 yaşlı Əmininin ölümündən sonra başlayan etirazlar zamanı öldürülən yüzlərlə insandan biri idi.

İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) təhlükəsizlik qüvvələrinin genişmiqyaslı etirazları boğmağa cəhd etməyə çalışdığı vaxt 71-i azyaşlı olmaqla, 500-dən çox insanın öldürüldüyünü bildirib.

Zahedinin anasına qarşı hökm İran rejiminin Məhsa Əmininin keçən ilin sentyabrında ölümündən sonra başlayan etirazlarla bağlı tənqidlərə qarşı amansız mövqeyini vurğulayır.

Əmininin polis nəzarətində olarkən ölməsi hökumətin siyasətinə, xüsusən də qadınların hüquqlarına və ümumi azadlıqlarına dair siyasətinə qarşı genişmiqyaslı etiraz və nümayişlərə səbəb oldu.

Ümummilli etirazlar zamanı ölən və ya həbs edilənlərin ailələri ilə hökumət arasında gərginlik son aylarda, eləcə də Əmininin ölümünün birinci ildönümündən sonra artmaqdadır.

Forum

XS
SM
MD
LG