Accessibility links

İran Azərbaycanında 38 il başa çatmayan mədən layihəsi


İran Azərbaycanının Şərqi Azərbaycan vilayətinin Sarab şəhərində 10 min nəfərə iş potensialı olan Nefelin Sienit (En: Nepheline Syenite) mədəninin layihəsi 38 ildən sonra hələ də başa çatmayıb. Mütəxəssislərə görə bu layihə bununla qalmayıb və İranın illərcə strateji metal sayılan alüminium ehtiyacını təmin edəcək bir layihə sayılır.

Təbrizdən 90 km məsafəsi olan və bu şəhərin şimal-şərqində yerləşən Sarab şəhərində Nefelin Sienit-dən alüminium istehsalının tədqiqat mərhələsi 1982-ci ildə başlamış olub müsbət nəticələr əldə edilsə də, 38 il üzərindən keçməsinə baxmayaraq, hələ də bu layihənin önündəki maneələr aradan qaldırılmayıb.

Bu 38 il müddətində bəzən ölkənin rəsmiləri tərəfindən layihə təsdiqlənsə də yenə layihənin önündəki maneələri qaldırmağa yetərli olmayıb. Bu böyük layihə 2006-cı ildə İranın o zamankı prezidentinin vilayət səfərlərində təsdiqlənib əhəmiyyəti vurğulanan layihələrdən biri olub.

İran Azərbaycanında işsizlik statistikalarının yüksək səviyyələrdə olduğundan dolayı Sarabda Nefelin Sienit layihəsinin işə başlaması Şərqi Azərbaycan və Sarab əhalisinin ciddi tələblərindən biridir.

Alüminium sənayedə geniş istifadə olub strateji bir metal olaraq İranın vacib ehtiyaclarından biridir. Aparılan tədqiqatlar nəticəsində, bu layihənin başa çatıb çalışması durumunda, istehsal olunan alüminium gələcəkdə İranın 100 illik ehtiyacını qarşılayacaq. Layihə üçün aparılan bir tədqiqat planına əsasən, Sarab şəhərinin Nefelin Sienit zavodunun işə salınması ilə hər il tələb olunan yan məhsullar ilə birlikdə 70.000 ton alüminium tədarük ediləcək və sonrakı mərhələlərdə bu sayı müvafiq olaraq ildə 200 000 ton və 500 000 tona qədər artacaqdır.

Ötən il İranın Sənaye, Mədən və Ticarət Naziri Rza Rəhmani Sarabın Nefelin Sienit zavodunun təsis edilməsini vilayətin sənaye mövzusunda tarixi layihə hesab olunduğunu vurğulayaraq deyib ki, “zavodun istehsalı üçün bütün lazımi infrastrukturlar təmin olub və bu layihədə 137 milyon Avro və 1700 milyard tümən investisiya nəzərdə alınıb.”

Sarabın meri İrəc Səqəfi keçən il avqustun 30-da verdiyi müsahibədə Nefelin Sienit layihəsinin inşasının son vəziyyəti haqda deyib ki, “həqiqət budur ki, son 25 ildə bu fabrikin qurulması üçün ciddi səy göstərilməyib və bu haqda kifayət qədər konsensus yoxdur. Bu layihə tamamlanarsa 10 000 nəfəri işə götürə bilər və ildə milyonlarla dolların İrandan çıxmasına mane olacaq.”

Səqəfi bu zavodun inşa edildiyi təqdirdə Şərqi Azərbaycan vilayətində və digər qonşu vilayətlərdə bu layihəyə bağlı müxtəlif zavodlar təsis edilə biləcəyinin mümkün olduğunu demişdi. (3)

2018-ci ilin dekabrında Sarabın imam cüməsi Əli Əkbər Əkrəmi Tasnim xəbər agentliyinin ilə verdiyi müsahibədə “dövlətin yalan vədələrinə” etiraz edərək; “iş və təhsil axtaran insanlarla gənclər, işsizlik və şəhərin qapalı iqtisadiyyatından şikayətçidirlər, 20 ildən çoxdur ki, layihənin podratçısı və rəsmilərlə yalan vədlərlə xalqın etimadını sarsıdıblar. Mən düşünürəm ki, dövlət bu layihəni həyata keçirməyə qadir deyil və təkcə yalan vədlər verir" - deyə, o ifadə edib.

Bu layihənin İranın iqtisadiyyatına bu qədər pozitiv təsiri olacaqsa nədən bu layihə 40 ilə yaxın bir zamanda heç bir nəticəyə çatmayıb? Bu sualın cavabını bir Iranlı mədən mütəxəssisinin Tasnim xəbər agentliyinə verdiyi məlumatda tapmaq mümkündür.

Həmin mütəxəssisin dediyinə görə, İranın alüminium ehtiyacının 90 faizi boksit torpağının idxalı vasitəsi ilə təmin edilir və bu layihə işə başlarsa boksit idxalına gərək qalmayacaq. Bu isə idxalçıların mənfəətinə tərs bir haldır. “Bir çoxları bu layihənin dəyişdirilməsini istəyirlər halbuki İnfrastrukturlar təmin edilib. Bəlkə bu layihənin tamamlanması idxalçıların mənfəətinə tərs düşdüyü üçün bu günə qədər başa çatmayıb.”

“Layihənin podratçısı IMIDRO adlı dövlətə aid böyük bir holdinq şirkətidir və bu günə qədər özəl sektorun istəyinə baxmayaraq layihəyə daxil olmasına izin verilməyib“ - deyə, həmin mütəxəssis bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG