Accessibility links

İranda tibb fakültəsi tələbələri arasında intiharların artması sektordakı böhrana işarə edir


İran Psixiatriya Assosiasiyasının rəhbərinin İslam Respublikasının İRNA xəbər agentliyinə müsahibəsində tibb işçiləri arasında intihar hallarının artmasına dair açıqlamaları İranın tibb icmasında böhranın artdığına işarə kimi qiymətləndirilir.

İran Psixiatriya Assosiasiyasının rəhbəri Vahid Şəriət fevralın 18-də verdiyi müsahibədə İranın Tibb Şurasının son bir il ərzində rezidentura hazırlığı keçən tibb işçiləri arasında 16 ölüm hadisəsini qeydə aldığını deyib. Onun bildirdiyinə görə, bu rəqəm ehtimal ki daha yüksəkdir, belə ki, Səhiyyə Nazirliyi "dəqiq məlumatı gizlədir və geniş statistikanı açıqlamır".

“Nazirlikdə daha dəqiq statistik məlumatlar var, onlar bunu məxfi hesab edir və ictimaiyyətə açıqlamır”, Şəriət deyib.

“Hər dəfə bir problem olanda, hansısa bir iş görməzdən əvvəl statistikanı məxfiləşdirir və ya tez bir zamanda inkar edirlər” - deyə, o bildirib.

Tibb işçiləri arasında intihar hallarının artması səhiyyə işçilərinin İranı kütləvi şəkildə tərk etməsi ilə üst-üstə düşür.

Əsasən ölkədə dərinləşən iqtisadi böhran, ağır iş şəraiti, sosial və siyasi azadlıqların olmaması səbəbindən son illər minlərlə iranlı səhiyyə işçisi vətənini tərk edib.

İran mediası 2020-ci ildən bəri mütəxəssislər də daxil olmaqla, İslam Respublikasını 16 min həkimin tərk etdiyini təxmin edir. Bu isə ölkədə ictimai səhiyyə böhranı ilə bağlı xəbərdarlıqlara səbəb olub.

Səhiyyə işçilərinə böyük ziyan vuran koronavirus pandemiyasından sonra ölkədən köçmə halları sürətlənib. İran 146 mindən çox ölüm halları ilə dünyada pandemiyanın təsirinə ən çox məriz qalan ölkələrdən biri olub.

İntihar məsələsi Tibb Sistemi Ali Şurasının rəhbəri Mahmud Fazil tərəfindən "narahatedici" və "tibb ictimaiyyəti üçün əhəmiyyətli problem" adlandırılıb. Buna cavab olaraq, məsələni araşdırmaq üçün şuranın tərkibində komissiya yaradılıb.

Tələbə intiharlarının, xüsusən də tibb sahəsində təhsil alanlar arasında baş verməsi İranda yeni hal deyil. Son illər media bu sahədə karyera quranların üzləşdiyi təzyiqlərə işıq salan məlumatlar verilib.

Psixiatriya Assosiasiyasının son araşdırması tibb ictimaiyyəti arasında intihar nisbətinin son illərdə kəskin şəkildə artdığını göstərib. Tədqiqat daha sonra vurğulayıb ki, rezidentura təcrübəsi keçən təqribən 14 min nəfər arasında hər il orta hesabla 13 intihar hadisəsi baş verir.

Üstəlik, tədqiqat həkimlər arasında intihar nisbətlərində gender bərabərsizliyini ortaya qoyub. Ümumi əhali ilə müqayisədə kişilər arasında 40, qadınlar arasında isə 130 faiz artım olduğunu qeyd edilir.

"İş yerində təzyiq" və "gəlir səviyyəsi" kimi amillər Tibb Sistemi Təşkilatı tərəfindən tibb tələbələri üçün əhəmiyyətli stress faktorları kimi müəyyən edilib.

İran Səhiyyə Şurasının rəhbəri həkimlərinin ölkəni "tərk etməsini ciddi" böhran adlandıraraq, İranın gələcək tibb işçilərinin rifahını qorumaq üçün təcili və təsirli tədbirlərə kəskin ehtiyac duyulduğunu bildirib.

Forum

XS
SM
MD
LG