İranın hərbi təyyarəsi bazar ertəsi günü səhər saat 9 radələrində Təbriz şəhərinin şimal-qərb məhəllələrinin birində qəzaya uğrayıb. Təyyarənin bir məktəb binasına çırpıldığı bildirilir.
Xəbər agentliklərinə istinadən, hadisə nəticəsində qırıcı yəyyarənin pilotu daxil olmaqla azı 3 nəfər həyatını itirib.
İRNA rəsmi xəbər agentliyi öz saytında yanğınsöndürənlərin qəza yerində yanğını söndürdüyünü əks etdirən videogörüntülər yerləşdirib.
Rəsmi IRIB News agentliyinin xəbərinə görə, qəza Təbrizin “Yekə Dükan” məhəlləsində bir idman kompleksinin yaxınlığında baş verib.
Təbrizin Şəhid Fakuri Hərbi Hava Bazasının komandiri Rza Yusufi təyyarənin texniki problem səbəbilə qəzaya uğradığını bildirib.
Şərqi Azərbaycan vilayətinin böhran idarəetmə mərkəzinin müdiri Bağır Hünərbər təyarrənin F5 təlim növündən olduğunu açıqlayıb. O, qəza zamanı təyyarənin çırpıldığı məktəbdə kimsənin olmadığını söyləyib.
“Hərbi hava qüvvələrimizdən iki nəfər, eləcə də bir vətəndaş öz şəxsi avtomobilində həyatını itirib,” Hünərbər qeyd edib.
Dövlət televiziyası bildirib ki, faktla bağlı araşdırma aparılır.
İranın Hərbi Hava Qüvvələrinin tərkibində əsasən Sovet dövründən qalma Rusiyanın MiQ və Suxoy döyüş təyyarələri, eləcə də bəzi Çin təyyarələri var.
1979-cu il İslam inqilabından əvvələ aid bəzi Amerika F-4 və F-5 döyüş təyyarələri də onun hava donanmasının bir hissəsidir.