İran və Birləşmiş Millətlər Təşkilatının nüvə fəalyyətinə nəzarət idarəsi İranın nüvə fəaliyyətlərinin izlənməsi barədə razılığın müddətinin bir ay uzadılmasına dair razılığa gəlib.
"Razılaşdığımız üzrə yoxlama və monitorinq fəaliyyətləri bir ay müddətinə, 2021-ci il iyunun 24-nə qədər davam edəcək" - deyə, Atom Enerjisi üzrə Beynəlxal Agentliyin baş direktoru Rafael Qrossi bazar ertəsi jurnalistlərə bildirib.
Bu müddətinin uzadılması sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramını məhdudlaşdıran 2015-ci il beynəlxalq razılaşmasını canlandırmaq üçün davam edən danışıqların fonunda baş verir.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi deyib ki, keçmiş ABŞ Prezidenti Donald Tramp administrasiyası dövründə tətbiq olunan sanksiyaların aradan qaldırılması "qanuni və mənəvi borcdur," və ondan danışıqlarda üstünlük kimi istifadə etmək olmaz.
"Bu, Tramp üçün işləmədi, sizin üçün də işləməyəcək" - deyə, Zərif Twitter səhifəsində yazıb.
Zərif bu şərhi ABŞ Dövlət katibi Antoni Blinkenin İranın ABŞ-ın iqtisadi sanksiyalarının qaldırılması üçün nüvə proqramının inkişafına qoyulmuş məhdudiyyətlərə riayət edib-etməyəcəyinin bəlli olmadığını deməsindən bir gün sonraya təsadüf edib.
"Fikrimcə İran nüvə proqramı sahəsindəki tələblərə yenidən riayət etmək üçün nə etməli olduğunu yaxşı bilir və biz İranın danışıqlara qayıtmaq üçün belə bir qərar verməyə və bunun üçün etməli olduğu şeyləri etməyə hazır olub-olmadığını bilmirik. Bu bir sınaqdır və hələ cavab yoxdur" - deyə, Blinken ABC kanalının This Week” verilişində bildirib.
ABŞ İranla 2015-ci ildə imzalanan beynəlxalq nüvə razılaşması danışıqlarını digər ölkələrin diplomatları vasitəsi ilə dolayısı ilə aparıb. İran nüvə proqramının dinc məqsədli olduğunu deyir.
O zamankı Prezident Tramp 2018-ci ildə ABŞ-ı nüvə razılaşmasından çıxararaq, İranın bank və gəmiçilik sektorlarına qarşı yeni sanksiyalar tətbiq edib. Lakin ABŞ prezidenti Co Bayden Britaniya, Fransa, Almaniya, Rusiya və Çinin daxil olduğu pakta yenidən qoşulmağı nəzərdən keçirir.