Accessibility links

İranın ali ruhani rəhbəri ölkəsinin atom bombası istehsal etməyəcəyini deyir


İranın ali dini lideri ölkəsinin heç zaman atom bombası istehsal etməyəcəyini, lakin mübahisəli nüvə proqramına son qoymayacağını deyib.

Ayətulla Əli Xameneyi bu gün Tehranda keçirilən Qoşulmayanlar Hərəkatı adlı zirvə görüşündə inkişaf etməkdə olan ölkələrin təmsilçilərinə İranın sülhməramlı nüvə enerjisi əldə etmək hüququndan əl çəkməyəcəyini deyib.

Ali dini rəhbərin çıxışı BMT Təhlükəsizlik Şurasını da hədəf alaraq ABŞ-ın dünyaya hakimlik etmək iddiasını məntiqsiz, ədalətsiz və keçmişin qalığı kimi qiymətləndirib.

BMT təhlükəsizlik şurasının rəhbəri Ban Ki Mun da zirvə görüşündə çıxış edib. Baş katib İranı BMT-nin nüvə fəaliyyətinə son qoymaq barədə qətnaməsi ilə razılaşmağa çağırıb. Cənab Ban məsələ üzərində qızışan beynəlxalq ritorikanın müharibə ehtimalını artırdığına dair xəbərdarlıq edib.

BMT sədri eyni zamanda İrana İsrail xalqına qarşı soyqırım və onların mövcudluq haqlarına dair təhqiramiz şərhlərinə irad tutub. Cənab Ban tərəfləri biri-birlərinə qarşı təhdidlərə son qoymağa çağırıb.

Misir prezidenti Məhəmməd Mursi də zirvə görüşündə iştirak edib. O, on illər ərzində İrana səfər edən ilk Misir prezidentidir. İranda 1979-cu ildə hakimiyyətə gəlmiş islamçılar Misirin İran şahına dəstək verdiyinə və İsraillə sülh münasibətlərində olduğuna görə bu ölkə ilə diplomatik münasibətləri uzun müddət kəsmişdilər.
XS
SM
MD
LG